"Azərbaycan olimpiya oyunlarınıda keçirməyə qadirdi və buna layiqdir” – ANN.Az-ın əməkdaşı ilə söhbətində bu fikri "Bakı -2015” I Avropa Oyunlarının cüdo idman növü üzrə yarışlarda gümüş medal qazanan idmançısı Orxan Səfərov deyib. İdmançı müsahibə zamanı finalda necə zədələnməsindən, döyüşlərdə ən çətin rəqibin kim olmasından, gələcəklə bağlı hansı planlarından danışıb.
Həmin müsahibəni sizlərə təqdim edirik:
- Avropa Oyunlarına qatılacağını əvvəlcədən bilirdinmi?
- Əlbəttə. Çünki dünya çempionatında yaxşı nəticə göstərmişdim. Bu göstəricilərimin də xeyiri o oldu ki, mən bu yarışlara qatıldım. Bu yarışlara qatılanda Avropa reytiqində 1-ci, dünya reytiqində 2-ci idim.
- Döyüşlərdə ən çətin rəqibin kim oldu?
- Sözün düzü hər bir rəqibin çətin tərəfi var. Cüdo yarışlarına hamı güclü hazırlaşıb gəlmişdi. Heç birinə fərq qoymuram ki, kimsə çətin idi, kimsə asan. Hər oyunun öz ağırlıq dərəcəsi var idi.
- Finalda məğlub olacağını əvvəlcədən hiss etmişdinmi?
- Finalda qalib gələcəkdim və buna əmin idim. Hətta hesabda da irəlidə idim. Oyunun bitməsinə 40 saniyə qalmış hər şey dəyişdi. Buna əsas səbəb zədələnməyim oldu və bu mənim qalib gəlib qızıl medal almağıma mane oldu.
- Yarışlarda səni ən çox ruhlandıran nə idi? Tamaşaçı dəstəyi qaneedici idimi?
- Zaldakı ab-hava inanılmaz dərəcədə yüksək idi. Hamı dəstək olurdu, kiçikdən böyüyə hamı. Buna görə ilk öncə tamaşaçılara və ümumiyyətlə Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Bir daha sağ olsun tamaşaçılar deyirəm.
- Qazandığın qələbələri kimə həsr edirsən?
- Qazanadığım bütün qələbələrimi anama həsr edirəm. Daha doğrusu, belə deyim, hər bir yarışı onunçün qazanıram.
- İdmanda bundan sonra gələcək planlarında nə var? Cüdoya davam, yoxsa?
- Hələ indi start verilib. Məqsədim, inşallah Rioya - Olimpiya Oyunlarına yollanaraq orda medal qazanmaqdır. Və orda qalib gələcəyimə tam əminəm.
- İdmana maraq haradan və necə yaranıb?
- Uşaqlıqdan idmana marağım çox olub. Bundan başqa evimizin yaxınlığında cüdo zalı var idi, buna görə də atam uşaqlıqdan məni ora yazdırmışdı. Bütün onların – yəni etdiyim məşqlərin nəticəsi indi özünü biruzə verir.
- "Bakı – 2015” Avropa Oyunlarının keçirilmə səviyyəsi, idman zalları, arenalarda yaradılan şəraitdən razı qaldınmı?
- Oyunlar çox yüksək səviyyədə keçdi və deyərdim ki, Azərbaycan olimpiya oyunlarını da keçirməyə qadirdi və layiqdir. Arenalardakı idman zalları və bizim üçün yaradılan şəraitdən həqiqətən çox məmnunedici idi.
- Adətən məşqçilər hansı idmançıların yarışlarda medal qazanacaqlarını əvvəlcədən özləri müəyyən edirlər. Sənə hansı proqnoz qoyulmuşdu?
- Bəli, doğrudur, medalçılar sırasına düşəcəyimə məşqçilər proqnoz verirdi. Ümumiyyətlə, cüdo yarışlarına komandamızın medal qazana biləcək ən güclü idmançıları seçilmişdi. Mənim isə medal qazanacağıma ən çox inanan adam şəxsi məşqçilərim Fərhad və Əli müəllim idi. Onlara da ayrıca təşəkkürümü bildirirəm.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !