Nəşi hələ də düşmən əlində olan şəhid polkovnik-leytenantın hekayəsi - FOTOLAR

01:03 | 29.11.2020

 

İkinci Qarabağ müharibəsində ailə üzvü şəhid olmuş ailələrdən biri də Baxşəliyevlər ailəsidir. Bu ailənin başçısı, əslən Laçın rayonundan olan polkovnik-leytenant Qərib Baxşəliyev Zəngilan istiqamətində dumanlı hava şəraiti zamanı yolu itirərək, səhvən qarşı tərəfə keçib. Nəticədə mühasirəyə düşərək, son gülləsinə qədər atışdıqdan sonra əsir düşməmək üçün özünü öldürüb. Lakin, Qərib Baxşəliyevin meyidini götürmək mümkün olmadığı üçün, onun nəşi qarşı tərəfin ərazisində qalıb. 


Şəhid polkovnik-leytenantın hərb həyatı ilə bağlı həyat yoldaşı Gülnarə Baxşəliyeva Anews.az-a bunları deyir:

 

"Ərim 1995-1999-cu illərdə Ali Hərbi Məktəbdə təhsil alıb. Sonradan Tərtərdə 2 il leytenant rütbəsində xidmət edib. Tərtərdə çalışdığı vaxtlar Qərib atəşkəsin tez-tez pozulduğunu deyirdi. Hətta bir neçə dəfə ölümdən dönüb. Orada çalışanda o, tankın içində kəllə beyin travması aıb. Buna görə kontuziyası var idi.”

 

 

Sonradan Cəmşid Naxçıvanski adına Hərbi liseydə çalışdığı müddətdə burada müəlimə işləyən həyat yoldaşı Gülnarə Baxşəliyeva ilə tanış olub və ailə həyatı qurublar. Bu evlilikdən onların 2 oğlan və 1 qız övladı dünyaya gəlib. 15 il burada çalışdıqdan sonra 2016-2019-cu illərdə Naxçıvandakı adına, daha sonra isə Heydər Əliyev adina ali hərbi məktəbdə hərb tarixindən dərs deyib.  

 

"O, vətən müharibəsinin ilk günlərində döyüşlərdə iştirak edib. Veteranlıq vəsiqəsi də almışdı. Kontuziya almasına baxmayaraq, döyüşlərdə ilk sıralarda irəliləyirdi. Qərib Laçından idi. Uşaqlarına da qarşı çox qayğıkeş və mehriban biri idi. Onları çox sevirdi”, - deyə Baxşaliyeva söyləyir. 

 


 

Həyat yoldaşı ilə sonuncu dəfə 2 noyabrda əlaqə saxladığını deyən Gülnarə Baxşəliyeva noyabrın 4-də Qərib Baxşəliyevin şəhid olması xəbərini alıb.

 

"Həmişə zəng edəndə deyirdi ki, evimizə az qalıb. Danışanda hər dəfə qələbəyə az qaldığını, düşməni qovduqlarını deyərdi. Noyabrın 2-si danışanda dedi ki, möhkəm olun, hər şey ola bilər. Ayın 3-ü isə onunla əlaqə kəsildi. Sonra isə şəhid olduğunu öyrəndik. Bizə Zəngilan ərazisində postları yoxlayanda dumana düşüb, yolu qarışdıraraq, mühasirəyə düşdüyünü, sonra da əsir düşməmək üçün özünü öldürdüyünü deyiblər. Ermənilərin telegram kanallarında meyidinin şəkli yayılmışdı. Hazırda nəşi düşmənin əlindədir. Prezident aparatı və müdafiə nazirliyinə müraciət etmişik. Bu işlə ciddi məşğul olduqlarını , gözləməyimizi deyiblər. Artıq 20 gündür gözləyirik".

 



 

Gülnarə Baxşəliyeva Qərib Baxşəliyevin sevilən bir zabit olduğunu və döyüş yoldaşları arasında ona "Qızıl adam” deyə müraciət edildiyini deyir. Həyat yoldaşı deyir ki, Qərib Baxşəliyevi tanıyanlar hələ də onun şəhid olmasına inana bilmirlər.

 

"Onun öldüyünə heç kim inanmır. Onu hamı gözəl insan kimi tanıyırdı. Onun haqqında danışan hər kəs Qərib Baxşəliyevin onlara ata və qardaş qayğısı göstərdiyini, mərd və dürüst insan olduğunu deyirlər. Eşidən deyir ki, özü yol göstərən adam necə ola bilər ki, yolu itirsin?”

 


 

Şəhidin qaynı Ruslan Ağayev Qərib Baxşəliyevin şəhid olması xəbərini komissarlıqda olarkın aldığını deyir.


"Səfərbəyliyə görə mənə hərbi komissalıqdan çağırmışdılar. Orada olanda Qərib Baxşəliyevin Naxçıvandakı zabit yoldaşları zəng edərək, onun şəhid olması xəbərini verdilər. Mən birinci inanmadım, komissarlıqdakılardan soruşdum. Onlar bu barədə məlumatlı olmadı dedilər. Sonra Ali Hərbi Məktəbə zəng etdilər. Onların da bu barədə məlumatı yox idi. Mənim vəziyyətimi nəzərə alaraq  geri göndərdilər. Evə qayıdanda binanın qarşısında onun kursant və zabit yoldaşlarının toplaşdığını gördüm. Rəsmi xəbər olmasa da, şəhid olduğu xəbəri dəqiq idi. Çünki o, tanınmış zabit idi”.

 


 

Axşam isə Ruslan Ağayev erməni telegram kanallarında Qərib Baxşəliyevin meyidinin fotosunun paylaşıldığını gördükdən sonra onun şəhid olması dəqiqləşib.

 

Onun mühasirəyə düşməsi barədə Ruslan Ağayev bunları deyir:

 

"Qəribin düşmən tərəfə səhvən keçib, mühasirəyə düşdüyünü bilirik. Hadisənin dəqiq necə olması onun nəşi gələndən sonra bilinəcək. O, 25 ilin zabiti idi. Vətənə canla, başla qulluq edib. Həmişə qələbə üçün çalışırdı. Son gülləsinə qədər döyüşüb.O, şərəfli ölümü seçib. Özünü öldürüb şəhid etmək, erməniyə əsir düşməkdən yaxşıdır. 3 övladı yadigar qaldı. Mən də bir bu yükü çiynimə alıb, onun övladlarından ötrü sona qədər getməyə hazıram”.

 

 


 

 

Bacısı Sevinc Baxşəliyeva Qərib Baxşəliyevin həmişə pozitiv ovqatda olduğunu deyir:

 

"Nə vaxt zəng gedirdi, yaxşı olduğunu deyirdi. Elə iki şey deyirdi. Mən yaxşıyam və hər şey yaxşı olacaq. Heç vaxt onun işi ilə bağlı nəsə bilməmişik. Çünki, o, işi evə gətirməzdi Ümid edirdim sağ salamat gələcək. Deyirdim, Qərib sən gələcəksən”

 



 

 


Əslən Laçından olan Sevinc Baxşəliyeva arzulayırmış ki, Laçın azad olunandan orada qardaşı Qərib Baxşəliyev və bacısının yubileyini orada keçirsin.


" Biz Laçını görməmişik. Qəriblə danışanda deyirdim ki, 2 ildən sonra sənin yubileyin olacaq. Sənin də, bacının da yubileyini Laçında keçərəcik. Yaşlı atama da demişdim ki, 2 il səbr eləsin. Deyir sən saydığını say gör fələk nə sayır. Elə bil harasa tələsirdi . Səhər saatlarında vurdu, atasıyla danışdı. Biz fəxr edirik . Mənim qardaşım min bir zəhmətlə polkovnik leytenant olaraq bu müharibədə qəhrəmancasına döyüşmüşdü. Onun kimilərin ağlı, gücü hesabına ərazilər alındı. O, bu əraziləri metr-metr addımlayaraq azad etdiklərini deyirdi. Mən onun qəhrımanlığını indi başa düşürəm. Düşmən onun ölüsündən də qorxur. Ölümü ilə bağlı düşmənin yaydığı videonu görmək mənə pis təsir elıdi. Mən həm də fərəhləndim ki, onun dirisi ilə bacarmayan düşmən ölüsündən hayıf alir”.

  


 

Bacı qardaşının nəşinin tez bir zamanda qarşı tərəfdən təhvil alınıb, dəfn etmək istədiyini bildirir.


"Mən Ali Baş Komandan İlham Əliyev və vitse prezident Mehriban Əliyevaya müraciət edərək, bizə Qəribin nəşinin qaytarılmasında yardım edilməsini xahiş edirəm. Onu tez bir zamanda dəfn edək, vətən torpağına təhvil verək. Qoca atamın və Qəribin övladlarının gözü yoldadır. Qərib qəhrəman olaraq, gözümüzdə ucaldı. O, Vətəni qorudu, Vətənə xeyir verdi. Lakin, bir ailə kimi bizi başsız qoydu. Mən onu özümə arxa, dayaq bilirdim. O, elinə obasına bizdən çox bağlı idi. Yəqin, ona görə də şəhidlik zirvəsinə qalxmaq ona qismət oldu”.

 

Nəcəf Ruslanoğlu


Fotolar müəllifindir. 

 

 


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Telegram kanalımıza abunə ol ! tg_kanal