“Qremmi” mükafatı laureatı Heydər Əliyev Mərkəzində çıxış edəcək

15:51 | 21.01.2014
“Qremmi” mükafatı laureatı Heydər Əliyev Mərkəzində çıxış edəcək

“Qremmi” mükafatı laureatı Heydər Əliyev Mərkəzində çıxış edəcək

Məşhur caz ifaçısı, üç “Qremmi” və “Toni” mükafatı laureatı Di Di Bricuoter (Dee Dee Bridgewater) fevralın 12-də Bakıda Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.

Mərkəzdən verilən məlumata görə, müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln (Abby Lincoln) və Billi Holideyin (Billie Holiday) repertuarından əsərlər ifa edəcək.

 

Əsl adı Dennis Qarret olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunub.

 

Di Di Bricuoter ilk professional təcrübəni əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində (The Thad Jones/Mel Lewis Jazz Orchestra) keçib və ötən əsrin 70-ci illərində o, məşhur caz ifaçıları Maks Rouç (Max Roach), Sonni Rollinz (Sonny Rollins), Dekster Qordon (Dexter Gordon), Dizzi Gillepsi (Dizzy Gillespie)  kimi məşhur caz ifaçıları ilə birgə çıxış edib. 

 

Müğənni 1980-ci ildə Fransaya köçüb və bir neçə il ərzində Avropanın bütün caz festivallarında iştirak edib, özünün orkestrini yaradıb.

 

1998-ci ildə kumiri Ella Fitsceraldın (Ella Fitzgerald) xatirəsinə həsr etdiyi “Əziz Ella” (“Dear Ella”) albomu iki “Qremmi” mükafatına layiq görülüb. Eləcə də onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi “Elanora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə” (“Eleanora Fagan (1915-1959): To Billie With Love From Dee Dee” adlı albomu “Qremmi” alıb.

 

Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə “Viz” (“The Wiz”) musiqili tamaşasında oynadığı Qlinda roluna görə “Toni” mükafatı alıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM