AMEA-da səfirlə görüş
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanovanı qəbul edib.
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, akademik Akif Əlizadə qonağı salamladıqdan sonra onu yeni vəzifəyə təyinatı münasibətilə təbrik edib. Akademiyanın yaranma tarixi və inkişafı haqqında söhbət açan akademik bildirib ki, ötən il AMEA-nın təntənəli şəkildə qeyd edilmiş 70 illik yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak edərək institut və təşkilatların gələcək fəaliyyətini planlaşdıran elmi prioritetlər irəli sürüb. Akademik Akif Əlizadə ölkə rəhbərliyi tərəfindən elmə, o cümlədən AMEA-ya diqqət və qayğı göstərildiyini vurğulayıb. Həmçinin akademik Akif Əlizadə AMEA-da magistratura təhsilinin təşkili sahəsində görülən işlərdən danışaraq bildirib ki, əgər ötən il magistraturaya 9 ixtisas üzrə qəbul baş tutmuşdursa, bu il artıq 63 ixtisas üzrə qəbul aparılacaq. AMEA-nın prezidenti bu faktı elm və təhsilin inteqrasiyası sahəsində böyük addım hesab edir.
Azərbaycanla Bolqarıstanın elmi əlaqələrindən bəhs edərkən AMEA prezidenti iki ölkənin akademiyaları arasında əməkdaşlıq sənədinin imzaya hazır olduğunu və səfirdən gələcək inkişafa dair tədbirlər görməyi xahiş edib.
Öz növbəsində, Nərgiz Qurbanova səmimi qəbula görə AMEA rəhbərliyinə öz minnətdarlığını bildirib. Xanım səfir qeyd edib ki, ötən il Azərbaycan Respublikası Prezidentinin Bolqarıstana səmərəli səfəri baş tutub və bu səfər çərçivəsində ölkələr arasında strateji əməkdaşlıq haqqında mühüm sənəd imzalanıb. Bu cür sənədlər əsasında Azərbaycan gələcəkdə müxtəlif sahələrdə, o cümlədən elm sahəsində öz beynəlxalq əlaqələrini inkişaf etdirəcək. Nərgiz Qurbanova vurğulayıb ki, o öz növbəsində, akademiyalar arasında sıx əməkdaşlığın yaranması üçün səylərini əsirgəməyəcək.
Sonda akademik Akif Əlizadə xanım səfirə can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb, qonağa xatirə hədiyyələri təqdim edib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyati aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox