KOİCA Agentliyinin nümayəndəsi AMEA-da
AMEA-da Koreyanın KOİCA (Korea İnternational Cooperation Agency – Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) şirkətinin ölkəmizdəki ofisinin direktoru Çoi Yonjay ilə görüş keçirilib.
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, əsas məqsəd qonağa son zamanlar AMEA-da həyata keçirilən innovativ layihələr barədə məlumat vermək və birgə əməkdaşlıq imkanlarını müzakirə etmək olub. Görüşdə AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev və İctimaiyyətlə əlaqələr və elmi populyarlaşdırılma idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak ediblər.
Öncə akademik Akif Əlizadə qonağa AMEA-da prioritet elmi istiqamətlərdə aparılan araşdırmalar, həyata keçirilən innovativ layihələr barədə məlumat verib. Ötən il Akademiyanın 70 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdıran alim bu illər ərzində rəhbərlik etdiyi qurumun Azərbaycan və dünya elminə mühüm töhfələr verdiyini bildirib.
AMEA alimlərinin vulkanların öyrənilməsi ilə bağlı ciddi araşdırmalar apardığını vurğulayan akademik Akif Əlizadə Akademiyada dünya palçıq vulkanları atlasının tərtib olunduğunu, orada 3000-ə yaxın vulkan barədə elmi məlumatların yer aldığını nəzərə çatdırıb. Alim AMEA-da yüksəkixtisaslı kadr hazırlığı, beynəlxalq əlaqələrin inkişafı, dünyanın məşhur elmi mərkəzləri ilə əməkdaşlığın təşkili və digər məsələlərdən də söz açıb. Akademiyada ilk dəfə magistratura təhsilinin təşkil olunduğunu, bu addımın elm və təhsilin inteqrasiyası istiqamətində mühüm nailiyyət olduğunu vurğulayıb.
Akademik Akif Əlizadə AMEA-da genetika, biologiya, biotexnologiya, molekulyar biologiya kimi elmi istiqamətlərdə böyük uğurların əldə olunduğunu diqqətə çatdırıb. Həmçinin ekologiya, ətraf mühitin qorunması, bioekoloji problemlər və digər istiqamətlərdə də tədqiqatların aparıldığını, bu sahədə Koreya ilə birgə əməkdaşlıq imkanlarının təşkili və elmi laboratoriyaların yaradılmasının zəruri olduğunu qeyd edib.
Çoi Yonjay isə öz çıxışında AMEA-da aparılan islahatları, elm sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. KOİCA-nın təcrübə və imkanlarından, həyata keçirdiyi layihələrdən danışan qonaq müvafiq sahədə AMEA ilə əməkdaşlıq əlaqələrinin qurulmasında, kadr və təcrübə mübadiləsinin aparılmasında lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox