AMEA prezidenti İsrail səfiri ilə görüşdü
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, akademik Akif Əlizadə qonağı salamlayaraq iki ölkə arasında elm və təhsil sahəsində mövcud olan əməkdaşlıqdan danışıb. Ötən il gerçəkləşən səfər çərçivəsində İsrail Təbiət və Humanitar Elmlər Akademiyası, Qüds Universiteti, Təl-Əviv Universitetində, eləcə də digər elm və təhsil müəssisələrində olduğunu xatırladan akademik İsrailin elm sahəsində əldə etdiyi uğurların dünya elminə mühüm töhfə olduğunu bildirib: "İsrail elm və təhsilin inkişafına diqqət göstərdiyi üçün bu sahədə böyük uğurlar qazanıb. AMEA elm və təhsilin inteqrasiyası, elmin innovativ inkişafı, aqrar sahənin elmi təminatı və digər istiqamətlərdə İsrailin təcrübələrindən yararlanmaq niyyətindədir”.
Səfir Dan Stav isə öz növbəsində səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə məmnunluğunu ifadə edib. AMEA rəhbərinin səsləndirdiyi fikirlərə görə təşəkkürünü bildirən səfir elmlə təhsilin vəhdətinin hər iki ölkənin elmi üçün vacib olduğunu vurğulayıb.
Dan Stav israilli alimlərin azərbaycanlı həmkarları ilə kənd təsərrüfatı sahəsində də əməkdaşlıq etmək niyyətində olduqlarını deyib. Qeyd edib ki, bu məqsədlə İsrailin Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İsrail Beynəlxalq Əməkdaşlıq Mərkəzinin nümayəndələrinin yaxın vaxtlarda Azərbaycana səfəri nəzərdə tutulur.
Akademik Akif Əlizadə öz növbəsində bu əməkdaşlıq niyyətini yüksək qiymətləndirib. AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birgə tədqiqatlar həyata keçirməyin mümkün olduğunu qeyd edən akademik belə əməkdaşlığın hər iki ölkənin elmi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İsraillə hazırki elmi əlaqələrin uğurlu olduğunu bildirən Akademiya rəhbəri əməkdaşlığı daha da inkişaf etdirmək üçün müştərək elmi laboratoriya yaratmağı təklif edib. Bildirib ki, bu laboratoriya hər iki ölkə üçün aktual olan mövzuların araşdırılması baxımından əhəmiyyətli olar. Akademik Azərbaycanın ABŞ və İtaliya ilə müştərək laboratoriyalarının artıq fəaliyyət göstərdiyini də əlavə edib.
Bu təklifi yüksək dəyərləndirən səfir Dan Stav bu ilin mart ayında İsraildə keçiriləcək talassemiya problemlərinə dair konfransa azərbaycanlı alimləri dəvət edib və onların iştirakının iki ölkənin elmi əməkdaşlığına töhfə verəcəyinə əminliyini bildirib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox