Dövlət Miqrasiya Xidməti ilə Caspian European Club-un biznes-forumu keçirilib
Caspian European Club-un (Caspian Business Club) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin iştirakı ilə bu gün (4 may) təşkil etdiyi biznes-forumda Azərbaycanın miqrasiya siyasətinin başlıca aspektləri müzakirə olunub.
Biznes-forumda çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə məlumat verib.
"Klub çərçivəsində görüşlərimiz artıq ənənə halını alıb. DMX biznes sektoru ilə dialoq qurur, sahibkarları narahat edən məqamları təhlil edir, bu məsələləri hökumət qarşısında qaldırır və zərurət yarandığı halda qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflər verir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Dövlət Miqrasiya Xidməti 2007-ci il martın 19-da miqrasiya sahəsində dövlət siyasətini həyata keçirmək, Azərbaycanda yaşamaq və işləmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatını sadələşdirmək məqsədilə yaradılıb.
Firudin Nəbiyev qeyd edib ki, DMX-nin yarandığı qısa müddət ərzində qurumun fəaliyyətini tənzimləyən xeyli qanunvericilik aktı qəbul edilib, biznes sektorunu maraqlandıran bir çox məsələlər 2013-cü ildə Milli Məclis tərəfindən qəbul olunmuş Miqrasiya Məcəlləsində öz əksini tapıb. F.Nəbiyev qeyd edib ki, "Bununla yanaşı, biz bu gün də qanunvericiliyin dövrün tələblərinə uyğunlaşıdırılması istiqamətində təkliflərlə çıxış edirik”.
Xidmət rəisi bildirib ki, 2012-ci ildə DMX-i 633 şirkətdə əmək miqrasiyası ilə əlaqədar qanun pozuntusunun olmasını aşkar etdiyi halda, 2015-ci ildə 153 şirkətdə miqrasiya qanunvericiliyinin pozulması halı qeydə alınıb. "Bu, özəl sektorla aparılan fəal işin, dövlətin biznes sektoruna göstərdiyi diqqət və qayğının nəticəsidir. Biz biznesin problemləri ilə maraqlanır, onları təhlil edir və müvafiq həll yollarını tapırıq”, - deyə F.Nəbiyev söyləyib.
"Bu gün iqtisadi inkişaf və sabitlik sayəsində Azərbaycanda miqrantların sayı artır, ölkəyə investisiya qoyan biznesmenlər çoxalır. Bundan əlavə, 1990-cı ilərdə ölkəni tərk etmiş vətəndaşlarımız geri qayıdır”, - deyə DMX-nin rəisi bildirib.
O, həmçinin əmək miqrasiyası kvotası ilə bağlı məsələyə də toxunub. F.Nəbiyevin sözlərinə görə, işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatını müəyyən etmək məqsədi ilə işəgötürənlər Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim etməlidirlər. Bununla əlaqədar, o, şirkətləri 2016-cı il mayın 15-dək təkliflərini təqdim etməyə dəvət edərək, onları qısa müddət ərzində bu təkliflərə baxılacağına əmin etdi.
Onun sözlərinə görə, əcnəbi vətəndaşların ölkəmizə gəlişi sevindirici hal olsa da, əmək bazarını nizamlamaq lazımdır. "İlk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunmalıdır. Əcnəbi işçi Azərbaycanda müvafiq sahə üzrə mütəxəssislər olmadığı halda dəvət edilə bilər. Əlbəttə ki, ilk növbədə yerli mütəxəssislər işə cəlb olunmalıdırlar”, - deyə o vurğulayıb.
O, həmçinin özəl sektorda struktur məsələlərinə də toxunub. "50 əməkdaşı olan elə şirkətlər var ki, 12-14 nəfər xarici vətəndaş şirkət rəhbərinin müavinidir. Biz hesab edirik ki, belə şirkətdə əcnəbi vətəndaş olan müavinlərin sayı 3-ü keçməməlidir”, - deyə o bildirib və sözügedən məqamın tezliklə qanunvericilikdə öz həllini tapacağını deyib.
"2013-cü ildə bizim iştirakımızla BP və SOCAR arasında müqavilə imzalandı. Həmin sazişin nəticəsi olaraq, neft sənayesində çalışan əcnəbilərin sayı 10 faizədək azaldı”, - deyə F.Nəbiyev çıxışına davam edərək, yerli mütəxəssislər hazırlamağın vacibliyini deyib.
Xidmət rəisi qeyd edib ki, miqrasiya ilə bağlı problemlər bütün ölkələrdə mövcuddur və onları həll etmək lazımdır. O, bildirib ki, Aİ hazırda miqrasiya böhranı yaşamaqdadır. Təkcə 2015-ci ildə Aralıq dənizində minlərlə miqrant boğularaq həyatını itirib. 2016-cı il Azərbaycanda "Multikulturalizm ili” elan olunub. "Bizdə əcnəbi vətəndaşlarla münasibətdə heç bir məhdudiyyətlər mövcud deyil və heç kim heç vaxt müxtəlif konfessiyalar arasında qarşıdurma barədə eşitməyib”, - deyə DMX rəisi vurğulayıb.
O, həmçinin İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərə də toxunub. Yeniliyə əsasən, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan 3 nəfərədək əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə-vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə - vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir.
Bununla yanaşı, F.Nəbiyev bildirib ki, DMX tərəfindən 2 ay ərzində Banqladeş və Pakistan vətəndaşlarını Azərbaycandan İran və Aİ dövlətlərinə keçirməyə cəhd edən üç mütəşəkkil qrup aşkarlanaraq müvafiq tədbirlər görülüb.
Xidmət rəisi deyib ki, DMX hazırda 11 elektron xidməti istifadəyə təqdim edib və müraciətlərin elektron formada qəbulunu həyata keçirir. "Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə biz miqrantı ölkəyə gəldiyi andan ölkəni tərk edənə kimi nəzarətdə saxlaya bilirik”, - deyə o vurğulayıb. Bununla yanaşı, DMX "ASAN xidmət” mərkəzlərində də bir sıra xidmətləri həyata keçirir.
F.Nəbiyev həmçinin qeyd edib ki, "şirkətə işə cəlb olunmuş hər bir əməkçi miqrantın qanunsuz hərəkətinə görə işəgötürüən məsuliyyət daşıyır”.
Görüş zamanı biznes-forum iştirakçılarının sözügedən mövzu ilə bağlı təklifləri, eləcə də Caspian European Club (Caspian Business Club) şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.
Biznes-forum çərçivəsində şirkətlər Azərbaycanın miqrasiya siyasəti ilə bağlı onları maraqlandıran suallara cavab tapıb, həmçinin biznes sektoru ilə Dövlət Miqrasiya Xidməti arasında aktiv dialoqun davam etdirilməsi üçün təkliflər irəli sürüblər.
Biznes-forumda çıxış edən, Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev görüşə, o cümlədən tədbir zamanı Caspian European Club-un (Caspian Business Club) üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Firudin Nəbiyevə minnətdarlığını bildirib. Telman Əliyev Caspian European Club-un (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını qeyd edib. Caspian European Club-un (Caspian Business Club) Sədrinin Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyev olduğu vurğulanıb. Telman Əliyevin sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Вiznes-forum zamanı Firudin Nəbiyevə Caspian European Club-un (Caspian Business Club) fəxri üzvlük sertifikatı təqdim olunub. Biznes-forumda şirkət rəhbərləri və səfirlər, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər