ADU-da “Bilik günü” qeyd edildi
Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov 2016-2017-ci tədris ilində ADU-ya qəbul olunan I kurs tələbələri ilə görüş keçirdi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə universitetin professor-müəllim heyəti, I kurs tələbələri və onların valideynləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan professor Dünyamin Yunusov tələbələri Azərbaycan təhsil sistemi içərisində aparıcı universitetlərdən biri olan Dillər Universitetində görməkdən şad olduğunu bildirdi.
Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişafın təhsil sektorunda da nəzərə çarpdığını söyləyən Dünyamin Yunusov bu inkişafın əsasında Ümummilli lider Heydər Əliyevin ideyalarının dayandığını və həmin ideyaların prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. O, dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımların, icra edilən dövlət proqramlarının təhsil sistemində yüksək nəticələrin qazanılmasına xidmət etdiyini bildirdi.
Ali təhsil ocağının yaranma tarixindən danışan Dünyamin Yunusov ADU-nun ölkəmizdə Avropa və bəzi müasir Şərq dillərini tədris edən ilk universitet olduğunu qeyd etdi. Universitetə qəbul planının ildən-ilə artırılmasının ali təhsil müəssisəsinin bir daha artan templə irəlilədiyinin göstəricisi olduğunu vurğulayan professor 2016-2017-ci tədris ilində universitetə qəbul olan tələbələrin sayının 1500 nəfərdən çox olduğunu söylədi. O, tələbələrin ənənəvi Pedaqoji və Tərcümə ixtisasları ilə yanaşı, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Filologiya və Jurnalistika istiqamətləri üzrə təhsilə yiyələnəcəklərini sözlərinə əlavə etdi.
Professor Dünyamin Yunusov Ümummilli lider Heydər Əliyevin ideyaları və birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm maddi, həm də mənəvi dəstəyi əsasında yaradılmış İnformasiya Resurs Kompleksinin, o cümlədən universitetin nəzdində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzindən istifadə etməklə tələbələrin öyrəndikləri dilin bələdçisi olacaqlarına əminliyini ifadə etdi.
www.ann.az