Səfir: “Azərbaycan Qafqazda və regionda ən mühüm ölkədir”
Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rodriqo Labardini Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group çərçivəsində informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanları, həmçinin Meksika şirkətlərinin dekabrın 7-də Bakıda keçiriləcək Beynəlxalq Caspian Energy Forum-da iştirakı müzakirə olunub. Rodriqo Labardini Meksika şirkətlərinin Caspian European Club-un (Caspian Business Club) tədbirləri çərçivəsində tanınmasında maraqlı olduğunu ifadə edib.
Səfir qeyd edib ki, nəqliyyat imkanları və əlverişli coğrafi mövqeyi Meksikanın ixracat oriyentirli iqtisadiyyata malik ölkəyə çevrilməsinə imkan yaradıb. Mühüm nəqliyyat habı olan Azərbaycan dünya iqtisadiyyat bazarlarında rəqabətədavamlılığın inkişafı üçün böyük potensiala sahibdir.
Onun sözlərinə görə, Azərbaycanı 1991-ci ildə tanıyan Meksika rəsmi münasibətləri 1992-ci il yanvarın 14-də təsdiqləyib və qurub. Azərbaycan Meksikada öz səfirliyini 2007-ci ildə açıb. Meksikaya ilk daimi səfir iki ildən sonra - 2009-cu ildə gəlib. Meksika isə öz səfirliyimizi bir qədər sonra – 2014-cü ildə açdıq. İlk daimi səfir mən oldum və Azərbaycana ötən il gəldim. Bu, bizim Azərbaycana verdiyimiz əhəmiyyəti göstərir. "Biz bilirik ki, Azərbaycan Qafqazda və regionda ən önəmli ölkədir”, - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, bir il ərzində çox işlər görülüb və bundan sonra da görüləsi işlər var. "Biz insanlara Meksikanın mövcudluğu barədə məlumat verməli, meksikalıları Azərbaycanla tanış etməliyik. Qeyd edim ki, təkcə bununla kifayətlənməmişik”, - deyə səfir vurğulayıb.
Ticari əlaqələrə toxunan səfir qeyd edib ki, Meksika mallarının ixracat göstəricisinin əhəmiyyətli dərəcədə artımı 2014-2015-ci illərdə qeydə alınıb. Bu da öz növbəsində Meksikanın Azərbaycanda səfirliyinin açılmasına və onun iki ölkə arasında ticarət əlaqələrinin inkişafı üzrə daimi işinə səbəb oldu. "Azərbaycan tərəfinin təqdim etdiyi statistikaya görə, Meksikadan ixracatın artımı 211,72 % (2014-cü ildən 2015-ci ilədək 7,1 milyon dollardan 22,2 milyon dollaradək) olub. Meksika tərəfinin hesablamalarına görə isə ixracatın səviyyəsi 107,4 % artıb (cəmi bir il ərzində, yəni 2014-cü ildən 2015-ci ilədək 877 min dollardan 10,2 milyon dollaradək)”, - deyə səfir bildirib.
"Hər iki ölkə neft və qaz istehsalçısıdır və biz bu sahədə təcrübə və bilik mübadiləsi apara bilərik. Həm Meksika, həm Azərbaycan dərinsulu qazma təcrübəsinə sahibdir. meksikanın neft üzrə nümayəndə heyəti iyul ayında Azərbaycanda səfərdə olub və bir neçə neft institutu ilə upstream, korroziya, downstream və s. haqda öz iş dillərində görüş keçiriblər. Biz bu qurumlar arasında müəyyən əməkdaşlığın yaradılmacağına şübhə etmirik”, - deyə Rodriqo Labardini neft-qaz sahəsi üzrə əməkdaşlıq barədə danışarkən qeyd edib.
"Təcrübə mübadiləsi apara biləcəyimiz başqa sahələr də var”, - deyə o vurğulayıb. Nümunə olaraq səfir turizmi misal çəkib. "Meksika dünyada ən tez-tez səfər olunan ölkələrdən biridir. 2015-ci ildə ölkəyə gəlmiş turistlərin sayı 32 milyondan artıq olub. Turizm sektoru Meksikanın ÜDM-nin (ümumi daxili məhsul) təxminən 9 faizini təşkil edir. Meksika həmçinin luxury-turizm göstəricisi üzrə dünyada birinci yeri tutur. Azərbaycan hazırda turizm sektorunu inkişaf etdirməyə çalışır. Biz bu sahədə təcrübə mübadiləsi apara və bu tcrübəni mənimsəyə bilərik”, - deyə səfir vurğulayıb.
Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli əlaqələrin, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarına toxunub, enerji bazarının inkişaf perspektivlərindən, həmçinin turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələlərindən danışıb.
www.ann.az