Bağlanan universitetlərin tələbələrinin taleyi necə olacaq? - Ekspertdən ŞƏRH
Azərbaycanda filialları da daxil olmaqla, 54 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Lakin onlardan bir neçəsinin fəaliyyəti dayandırıldı. Bağlanan universitetilərin tələbələri isə ixtisaslarına uyğun olaraq, digər təhsil müəssisələrinə köçürülüb.
Hansı universitetlər bu taleyi yaşayıb və bu zaman tələbələrin taleyi necə həll olunub?
Təhsil üzrə ekspert Kamran Əsədov ANN.Az-a açıqlamasında bildirib ki, sovet dövründə Azərbaycanda regionlar da nəzərə alınmaqla, 17 ali təhsil müəssisəsi var idi. Müstəqillik qazandıqdan sonra bu sayda ciddi artım nəzərə çarpmağa başladı. 2016-cı ilin rəsmi rəqəmlərində filiallar da nəzərə daxil olmaqla, 54 ali təhsil müəssisəsi vardı. Zaman-zaman onlardan fəaliyyətini dayandıranlar da olub:
"2014-cü ilə qədər ləğv olunan universitetlər Müstəqil Azərbaycan Universiteti, Moskva Dövlət Açıq Universiteti, sonra isə Azərbaycan Beynəlxalq Universiteti idi. Bu təhsil müəssisələrinin tələbələri digər özəl universitetlərə köçürülsə də, Azərbaycan Beynəlxalq Universitetinə yalnız TQDK-nın qəbul imtahanları nəticələrinə əsasən qəbul olan tələbələr təhsillərini davam etdirə bildilər.
2014-cü ildə Azərbaycan İctimai-Siyasi Universiteti Təhsil Nazirliyi tərəfindən lisenziya ala bilmədiyinə görə fəaliyyətini dayandırdı və onun tələbələri ixtisaslarına uyğun olaraq, Bakı Biznes, Odlar Yurdu, Qərb Universiteti arasında bölüşdürüldü. Nəzərə alsaq ki, bu qeyd olunan özəl universitetlərə qəbul zamanı formalaşan keçid balları o qədər də fərqli olmadığına görə, bu köçürmələrdə ciddi problem olmadı.
2015-ci ildə Bakı Asiya Universiteti növbəti ildən təhsil ocağına tələbə qəbulu aparmaq istəmədiklərini və fəaliyyətlərini müvəqqəti olaraq dayandırdıqlarını elan etdilər. Düzdür, bu təhsil ocağının TQDK-nın (DİM) inzibati binası kimi istifadə olunması bu addımın labüd olduğunu göstərir.
Onu da qeyd etmək lazımdır ki, son illər təkcə özəl ali təhsil ocaqları fəaliyyətini dayandırmayıb. Bu taleyi dövlət universitetlərindən də yaşayan var. Belə ki, 2015-ci ilin sonunda Azərbaycan Müəllimlər İnstitutu fəaliyyətini dayandıraraq, Azərbaycan Pedaqoji Universitetinə birləşdirildi. Azərbaycan Müəllimlər İnstitutunun filialları Bakı Dövlət Universiteti, İqtisad Universiteti arasında bölüşdürüldü”.
Ekspert qeyd edib ki, Azərbaycan ərazisində 20 ildən artıqdır ki, ölkədə insanların və təhsilin tərəqqisinə xidmət edən, qayəsini, dövlətini və millətini sevən, elmi və texnoloji biliklərə yiyələnmiş demokratik ruhlu mütəxəssislər yetişdirən Qafqaz Universiteti təəssüflər olsun ki, fəaliyyətini dayandırdı. Rəsmi məlumatlara görə, Müşahidə Şurası toplantı keçirərək bu qərara gəlib ki, universitet ləğv olunsun:
"Lakin bir sıra mütəxəssislər hesab edirlər ki, bu təhsil ocağının bağlanmasının səbəbi Azərbaycanda fəaliyyətini dayandıran digər universitetlərdən fərqli olaraq, siyasi qərardır. Yəni Türkiyədə gedən daxili proseslər, FETÖ-çulara qarşı haqlı olaraq başlanmış fəaliyyətlə yaxından əlaqəlidir.
Qafqaz Universitetinin şəhərciyi, tədris sistemi və s. ilə bağlı uzun-uzadı yazmaq olar. Amma indi məsələ tamam ayrıdır”.
Kamran Əsədovun sözlərinə görə, 2017-ci ilin elə ilk ayı ardıcıl olaraq, iki universitetin bağlanması ilə yadda qaldı. "Təfəkkür” Universiteti bağlanandan sonra oradakı tələbələrin aqibətinin əvvəlki təcrübə ilə oxşar olacağı gözləniləndir:
""Təfəkkür” Universitetində təhsil alan tələbələrin qəbul zamanı topladıqları balın yüksək olmaması TQDK-nın məlumatlarında da öz əksini tapıb. Deməli, yəqin ki, "Təfəkkür” Universitetinin tələbələri Bakı Biznes, Azərbaycan, Odlar Yurdu, Avrasiya, Kooperasiya kimi universitetlərdə təhsillərini davam etdirəcəklər.
Amma fəaliyyəti dayandırılan "Qafqaz” Universitetində situasiya digər analoji hallardan kifayət qədər fərqli və həssasdır.
Qəbul imtahanlarında əldə olunan statistik məlumatlara nəzər saldıqda görürük ki, burada təhsil alan tələbələrin qəbul zamanı topladıqları ballar fərqli görüntü və münasibət formalaşdırır. "Qafqaz” Universitetinə qəbul olan tələbələrin rəsmi göstəriciləri isə belədir:
700 bal toplayan tələbə sayı - 16 nəfər (hazırda 6 nəfər oxuyur)
"Prezident təqaüdüçüsü” - 124 nəfər (hazırda 46 nəfər təhsil alır)
"Gələcəyin müəllimi” təqaüdçüləri – 59 nəfər
Bu il qəbul olan tələbə sayı (bakalavr və magistr pilləsi üzrə birlikdə ) – 952 nəfər
Bakalavriat – 703 nəfər
Magistratura – 249 nəfər
Bu il 600 baldan yuxarı toplayaraq Qafqazı seçən tələbə sayı – 229 nəfər
Bu il 650 baldan yuxarı toplayaraq Qafqazı seçən tələbə sayı – 60 nəfər
Bu il 500 baldan yuxari toplayib pedaqoji ixtisaslari seçən tələbə sayı – 116 nəfər
Göründüyü kimi "Qafqaz” Universitetinin tələbələrinin köçrülməsi indiyə qədər qarşılaşdığımız mənzərələrdən çox fərqli olacaq. Əgər indiyə qədər fəaliyyəti dayandırılan universitetinin bir fakültəsinin, ixtisasının tələbələri bütünlükdə hansısa təhsil ocağına köçrülürdüsə, "Qafqaz” Universitetində belə yanaşma özünü doğrultmayacaq. Hesab edirəm ki, burada fərdi yanaşma tətbiq edilməsi ən uyğun variant ola bilər.
Köçürmə zamanı nəzərə alınmalı bir nüçə vacib xüsiyyət var. Birincisi, 2002-2003-cü tədris ilindən etibarən, ixtisas fənnlərinin ingilis dilində tədrisinə başlayan "Qafqaz” Universiteti yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Bunu hansı ali təhsil müəssisələri hal-hazırda həyata keçirir?
İkincisi, Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi qaydalarına görə, TQDK-nın keçirdiyi qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK-nın müəyyən etdiyi eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilən "Tarix və coğrafiya müəllimliyi”, "Tarix müəllimliyi” və "Tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilən "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.
Deməli, "Qafqaz” Universitetinin tələbələri bir ixtisas və ya fakültəsi ümumilikdə, hansısa universitetə köçrülməyəcək. Onlar topladıqları ballara uyğun olaraq, hansısa universitetlərə köçrüləcəklər. Bundan əlavə Qafqaz Universitetində hələ də hazırlıq kursunda oxuyan tələbələrin də taleyi ciddi şəkildə diqqətdə saxlanılmalıdır.
Bundan başqa, rəsmi tələbələrin köçrülmə şərtlərinə görə, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Amma Qafqaz universitetinə müəyyən sayda qəbul olan tələbələr var ki, onlar ödənişli əsaslarla təhsil alırlar, amma digər universitetlərdə həmin ixtisas üzrə ödənişsiz əsaslarla təhsil alan tələbələr var.
Bununla yanaşı, Qafqaz Universitetinin vəziyyətini digərlərindən fərqləndirən başqa bir amil də burada təhsil alan magistrlərin sayı ilə bağlıdır. Magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu o deməkdir ki, ən çətin vəziyyət magistr və doktorantura pilləsində təhsil alanlarla bağlı olacaq”.
Ekspert bildirib ki, Qafqaz Universitetinin tələbələrinin təhsillərini davam etdirməsi üçün ən uyğun universitet Azərbaycan Diplomatik Akademiyası (ADA) ola bilər:
"Çünki ADA qısa müddət ərzində dünya standartlarına cavab verən təhhil idarəçiliyi və tədris mühiti yarada bilib. Amma tələbələrin əvvəlki illərdə ödədikləri təhsil haqqını artırmamaq yolu ilə.
Xatırlatmaq istəyirəm ki, Azərbaycan Diplomatik Akademiyası təzə yarananda belə bir hadisə yaşanmışdı. Azərbaycan Respublikası prezidenti İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında Sərəncam vermişdi. Həmin il 4 ixtisas üzrə 60 tələbə artıq qəbul olunmuşdu. Amma İnformasiya Texnologiyaları Universiteti 2014-cü ilin fevralından ADA-ya birləşdirildi və tələbələr təhsillərini burada davam etditdilər.
Digər bir təklifim isə odur ki, hal-hazırda Qafqaz Universitetinin mühəndislik ixtisasının hazırlıq kursunda oxuyanlar yeni yaradılmış Bakı Mühəndislik Universitetinin birinci kursunda təhsillərini davam etdirsin. Elə Qafqaz Universitetinin tədris binasıda Bakı Mühəndislik Universitetini kimi fəaliyyətini davam etdirməsi məqsədə uyğun olar.
Çünki Xırdalan ərazisində ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi burada kirayə evlərdən tutmuş, nəqliyyata və iş yerlərinin daima mövcud olmasına şərait yaradır. Bundan başqa, Qafqaz Universitetinin tələbələrinin ixtisasları və oxuduqları kurslar nəzərə alınmaqla, UNİC, ADNSU və Bakı Ali Neft Məktəbi kimi ali təhsil ocaqlarında təhsillərini davam etdirə bilərlər.
Qeyd edim ki, UNİC, ADNSU (Azərbaycan Neft və Sənaye Universiteti) son illər ərzində korrupsiyanın qarşısının alınması, innovasiyalara açıqlıq, modern təhsil mühiti, sağlam rəqabət, gəncliyə diqqət və inglis dilli qruplarının fəaliyyəti, imtahan proseslərinin şəffaflığı baxımından böyük uğurlara imza atıb.
Hesab edirəm ki, Qafqaz Universitetinin ibtidai təhsil və pedaqoji ixtisaslarının tələbələri Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsillərini davam etdirəcəklər. Çünki, ölkədə pedaqoji ixtisaslar üzrə peşəkar kadr hazırlığı məhz bu universitetdə həyata keçirilir və yeni rektor Azərbaycan Dövlət Pedaqoji Universitetində qısa müddətdə ciddi islahatlar aparıb sağlam təhsil mühiti formalaşdıra bilib”.
Kamil Əmirli
www.ann.az