İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işidir"
ANN.AZ/ "Keçən ilin dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi. Çünki aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat törətməyə cəhd etmişdi. Ancaq bu təxribat nəticəsində özləri peşman oldular".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ordusu erməni silahlı qüvvələrinə elə zərbə vurdu ki, bu günə qədər də özlərinə gələ bilmirlər: "Aprel hadisələrindən sonra nəinki ermənistan ordusu hətta ermənistan dövləti belə sirkələndi, generallar rütbələrini, vəzifələrini itirdilər, ermənistan cəmiyyətində panika, təşviş hökm sürürdü, bu gün də bu davam edir. Azərbaycan ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi, indi o torpaqlarda bərpa işləri aparılır.
Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar. Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin, çox çalışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - Ermənistan həmin təşkilatın üzvüdür - bu məsələ ilə bağlı öz mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Bizim ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq ki, hamımız yaxşı bilirik ki, bugünkü ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb.
Ancaq öz torpağımızı biz heç kimə verəsi deyilik. Aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Qarabağı məhz belə tanıyır və bu münaqişənin həlli yalnız zərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər".
www.ann.az