Ermənilərin Qarabağda itirdiyi yeni mövqelər
Rusiyanın aparıcı ermənipərəst saytlarından biri "Regnium” son iki gündür birdən-birə Dağlıq Qarabağın adı ilə bağlı Azərbaycanın xeyrinə sayıla biləcək addım atıb.
Böyük ehtimalla bu, saytın sahibi, Rusiya dərin dövlətinin təmsilçisi olan Modest Kolerovun aldığı xüsusi göstərişin nəticəsində baş verib. Hər halda, son günlərdə Ermənistan NATO və ATƏT-ə əməkdaşlıqda Rusiyanı qıcıqlandıracaq müəyyən addımlar atır. Məsələn, iyulun 30-da Gürcüstanda başlayacaq "Noble Partner 2017”NATO hərbi təlimlərinə Cənubi Qafqazdan yalnız Gürcüstan və Ermənistan qatılacaq.
Əslində, son bir neçə ildə müstəqil erməni mətbuatı Rusiya əleyhinə təbliğat ruporuna çevrilib və düşünmək olar ki, erməni jurnalistlər artıq məqsədlərinə çatıblar - bu ölkədə son üç ildə Qərb tərəfdarlarının payı 12%-dən 40%-dək yüksəlib. Yəni ehtimal etmək mümkündür ki, Rusiya artıq Ermənistandan əl götürüb və buna görə də Qarabağ münaqişəsində Azərbaycana tərəf meyllənməyə başlayıb.
Lakin Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində bu məsələnin NATO ilə bağlı olmadığını bildirib:
"Ermənistan NATO ilə münasibətləri Rusiyaya təzyiq üçün yaxşılaşdırır. Amma bu, Rusiyanın Ermənistanın arxasından çəkilməsinə, Rusiya - Ermənistan münasibətlərinin köklü pisləşməsinə səbəb ola bilməz. Qafqazda Rusiyanın öz maraqları var və Ermənistanın bu məsələdə xüsusi vacib yeri var. Rusiya asanlıqla bu ölkədən çıxmaz”.
Qabil Hüseynlinin sözlərinə görə, əslində, Qarabağ məsələsi ilə bağlı rus KİV-lərində müşahidə edilən yumşalma Rusiya ilə Azərbaycan arasında gedən birbaşa ünsiyyətin nəticəsidir: "Bu məsələdə Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında Soçidə gedən danışıqların rolu ola bilər. Görüşdə Azərbaycan prezidenti İlham Əliyev Rusiyada kök salmış erməni lobbisi barədə faktları Vladimir Putinə təqdim edib. Həmin lobbiyə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edir və bu lobbi mətbuata xüsusilə fəal yerləşib. İndi Azərbaycan prezidenti faktları Putinə təqdim edib, nəticə necə olacaq, gələcək göstərəcək”.
İstənilən halda, Azərbaycan bu istiqamətdə fəaliyyətini dərinləşdirməlidir. Regionun ən güclü dövləti olan Rusiya həm də Azərbaycanın strateji tərəfdaşı, qeyri-neft sektorunun əsas bazarıdır. Bu ölkə ilə münasibətlərimizin ildən ilə yaxşılaşması həyati vacib məsələdir.
Çingiz Rüstəmov
İstiPress
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər