Sarkisyandan növbəti Qarabağ blefi
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş yoxdur. Daim sülh danışıqlarından, problemin həllindən qaçan işğalçı Ermənistan hakimiyyəti yenə də öz ampluasındadır. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan Tiflisdə gürcüstanlı həmkarı Georgi Marqvelaşvili ilə keçirdiyi birgə brifinqdə deyib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu və razılaşdırılmış formatlar çərçivəsində həll oluna bilər. Maraqlıdır, Sarkisyanın bu dəfəki blefi nəyə xidmət edir?
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində Sarkisyanın dediklərinin statuskvonun saxlanılmasına xidmət etdiyini deyib:
Ekspertin sözlərinə görə Sarkisyanın hakimiyyəti dövründə cəbhədə gərginliklər artıb və danışıqlar prosesi bir neçə dəfə fiaskoya uğrayıb:
"Bu onu göstərir ki, indiki İrəvan hakimiyyətinin siyasi xəttində Qarabağ probleminin həlli nəzərdə tutulmayıb. Aprel hadisələri göstərdi ki, bu rejimlə yalnız güc dili ilə danışmaq lazımdır. Məhz Sarkisyan ATƏT-in Minsk qrupunun irəli sürdüyü yenilənmiş Madrid prinsiplərini qəbul etmir. Buna baxmayaraq sənədə öz razılığını bildirib. Diplomatik danışıqlarda sülh və kompromisdən danışan Sarkisyanın mahiyyəti erməni xislətinə uyğundur. Sarkisyanın prezident İlham Əliyevlə 10-dan artıq geniştərkibli və təkbətək görüşləri olub. Bu görüşlərdə bir cür danışıb, görüşdən sonra isə başqa cür. Danışıqların mahiyyətinə zidd açıqlamaları ilə yadda qalıb. Oktyabrın 16-da Cenevrədə aparılan danışıqlarda Sarkisyanın görüşdən sonra ermənilər qarşısında verdiyi vədlər bir daha göstərir ki, adi danışıqlarda razılığı pozan bir siyasətçi, heç vaxt işğal olunmuş əraziləri sülh və danışıqlar yolu ilə geri qaytarmaz. Sentyabr ayından başlayan növbəti danışıqlar raundu hələ ki, davam edir. Burada əsas niyyət atəşkəsin qorunması və etimad mühitinin formalaşdırılmasıdır. Həmçinin Vyana və Sankt-Peterburq görüşündə əldə olunan razılaşmaları qüvvədə saxlamaqdır. Ermənistan rəhbərliyinin bu danışıqlarda məqsədi əsasən özünü bir daha beynəlxalq aləmə danışıqlar niyyətində olduğunu göstərməkdi. Əslində əldə olunmuş razılığa əsasən Madrid prinsiplərinə söykənərək, konflikt həllini tapmalı idi. Hesab edirəm ki, Serj Sarkisyanın növbəti dəfə hakimiyyətdə qalması Qarabağ danışıqlarında itirilmiş il olacaq. Bu rejimlə danışıqlar aparmaq səmərəli və perspektivli deyil. Ermənistanın müstəqilliyini Qarabağa görə Rusiyaya güzəşt edən erməni dövlət başçısı işğal olunmuş ərazilərin qaytarılmasında maraqlı olmayacaq.
www.anews.az