• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Hind gözəlinin acı taleyi - VİDEO+FOTOLAR

Hind gözəlinin acı taleyi - VİDEO+FOTOLAR
29.05.2020 08:16
O, minlərin, bəlkə də milyonların idealı olub. Sənət zirvəsini sənətkarlığı ilə deyil, daha çox gözəlliyi ilə fəth edib. Və dünən onun 63 yaşı oldu. O, sağdı, yaşayır. 63 illik ömür - gözəllik, şöhrət, ad-san, sevgi, ağrı-acı, nifrət, xəyanət, şiddət...  Hər şey, hər şey sığıb bu ömrə... ZİNƏTlə AMANsız davranan taledən bəhs edəcəm... Onun haqqında maraqlananda təsadüfən bu fakt qarşıma çıxdı ki, noyabrın 19-u hind gözəlinin ad günüdür. Yox, heç də bu yazı bu səbəbdən qələmə alınmayıb. Yazının - onu xatırlatmağımın səbəbi Zinət Amanın yaşamış olduğu həyatdır. Acı bir tale, itirilən illər, sevginin nəsibi olan şiddət, gözəlliyə vurulan xələl...Zinət Amanın atası müsəlman, anası isə hinduizmə sitayış edib. Zinət hələ balaca ikən valideynləri ayrılıblar. Ayrılmaya səbəb dini baxımdan bir-birilərinə uyğunlaşa bilməmələri olub. Atasını təsadüf hallarda görən Zinət onun barəsində çox az xatirəyə malikdir. Filmlərə ssenari yazan atası Amanulla Xanın tez həyatdan köçməsi balaca Zinətə ağır təsir edir: "Atam haqqında xatirələrim bir boşluqdan ibarətdir. Bu hissə nifrət edirəm. Atamın vəfatından bir müddət sonra onun dostu ilə qarşılaşdım. O, atam haqqında - onun necə bir insan olması, istedadı, işi, hobbisi barədə mənə danışdı. Sakitcə onu dinləyirdim, ona nə cavab verəcəyimi bilmirdim. Çünki atam mən onu tanımazdan çox əvvəl vəfat etmişdi".Bir gün balaca Zinət evlərində gələcək atalığı ilə qarşılaşır. Milliyyətcə alman olan bu şəxsin şabalıdı gözləri və qəribə buruq saçları vardı: "Bu şəxs ətrafımızdakı adamlardan çox fərqlənirdi. O, həddindən artıq uzunboylu idi. Hətta o qədər uzun idi ki, mən onun sifətini əməlli-başlı görmək üçün başımı xeyli yuxarı qaldırmalı olurdum. Anam deyirdi ki, atalığım da əqrəb bürcündəndir və bizim ortaq nələrimizsə var. Sonra həyat bunu mənə sübut etdi".Atalığı haqqında yüksək fikirdə olan Zinət onun hind fəlsəfəsi, hind tarixi, mədəniyyəti haqqında çoxlu bilgiyə sahib olduğunu, Almaniyada yaşamalarına baxmayaraq, Zinətdə vətən sevgisi yaratdığını deyir: "İndi, keçmişə boylananda görürəm ki, atalığım həyatıma daxil olan kişilərin ən yaxşısı, ən parlaq şəxsiyyəti olub".Almaniyada oxuduğu liseydə əlaçı olması Zinətə bir il müddətinə ABŞ-da - Los-Anjelesdə təhsil almaq şansı qazandırır. Hind qızı, alman təhsili və ABŞ həyatı - Zinət bir il ərzində yetkin xanıma çevrilir.ABŞ-dakı təhsilini başa vurub Hindistana dönən Zinət Aman model biznesinə başlayır - 85-60-85 bədən ölçüsü, 1.75 boya malik olması bütün qapıları onun üzünə açır.1971-ci il Zinət Amanın həyatının dönüş nöqtəsi olur: O, "Miss Hindistan 1971" titulu alır, daha sonra "Miss ASİA" müsabiqəsinə qatılan ilk hind qızı olur və 2-ci yeri tutur və ən mühümü - 1971-ci ildə o, ilk filminə çəkilir.Nə debüt filmi, nə də ikinci filmi Zinət Amana uğur qazandırmır. Amma üçüncü filmi olan "HARE RAMA HARE KRISHNA" Hindistana səs salır. Əslində, Zinət bu filmə təsadüfən düşür. O, burada baş rolu ifa etməsə də, ikinci plan qəhrəmanı kimi ən yaxşı aktrisa mükafatına layiq görülür.Filmin prodüsser və rejissoru Dev Anand əvvəl Zinət Amana rol vermək istəmir, amma çəkiliş zamanı bu qızın necə bir istedada malik olduğunu görür. Film hələ ekranlara çıxmamış Zinət Aman depressiyaya düşür və anası ilə birgə ölkəni tərk edib yenidən Almaniyaya köçmək istəyir. Bundan xəbər tutan Dev Anand çamadanları belə hazır olan Zinətdən müddət istəyir: "Filmin ekranlara çıxacağı günə qədər gözlə, sən bu filmlə şöhrət qazanacaqsan. Belə olmasa, yenə çıxıb gedə bilərsən". 

Zinətə uğur qazandıran ilk film:

Zinətə populyarlıq, şan-şöhrət qazandıran nə idi? Gözəlliyi? Yox, Zinətə qədər də hind kinosuna çox gözəllər daxil olmuşdu. Mütəxəssislər hesab edir ki, buna səbəb onun davranışları, qadın vəhdətini tərənnüm etməsi, özünə inamı, eyni zamanda hind cəmiyyətində inqilab etmək istəyi idi. O, mühafizəkar qruplara qarşı çıxaraq həm geyimində, həm də davranışlarında yenilik gətirməyi bacarmışdı. Onun oynadığı rollarla hind filmləri tarixində yeni səhifə açılırdı. Artıq ssenaristlər onun stilinə, onun davranışına uyğun ssenarilər yazır, filmlər çəkilirdi. Ötən əsrin 70-ci illərindən sonra çəkilən filmlərdə biz daha qədmi hind filmlərinin - öpüş səhnələrinin belə kölgədə verilməsinə, hind qadınının klassik geyimində - sariyə bürünmüş halda təsvir olunması səhnələrinə daha az rast gəlirik. Zinət Amanın öz üslubuna sadiq qalması düz 15 il onu hind filmlərinin kraliçası statusunu əlində saxlaması ilı nəticələndi.Bəs sonra? Sonra nə oldu? Gözəl və cəzbedici Zinəti sevən, onunla ailə qurmaq istəyənlər çox olub. İstər sənət aləmindən, istərsə də kənardan. Amma Zinətin qəlbini fəth edən bir isim vardı -  Sanjan Xan. Azərbaycan tamaşaçı bu şəxsi "Abdullah" filmindən yaxşı tanıyır. Həmin filmdə də Zinət Amanla Sanjan Xan ər-arvad rolunu ifa edirlər.

Sanjan Xan və Zinət Aman

Sanjanın evli-uşaqlı olması Zinətin sevgisinə sədd ola bilmir. Onlar ailə qururlar, amma Zinət heç vaxt xoşbəxt ola bilmir. Zinət sevgisi müqabilində ərinin qisqanclıqlarına, söyüşlərinə, hətta şiddət göstərməsinə belə dözür: "Bu vaxta qədər həyat mənə hər şeyi bəxş edirdi. Bu proses o vaxt dayandı ki, artıq mən nələrisə könüllü verməyə başladım. Mən o qədər qurban verdim ki, nəhayət, özüm də bundan usandım. Çox qurban verdim, hətta istənilən bir adamın verə biləcəyi qrubandan belə çox".Bir gün Sanjanın birinci arvadı Zarina Zinət Amanın evinə gələrək onunla dalaşır. Bundan sonra Sanjay da Zinəti vəhşicəsinə döyür. Bu zərbələrin nəticəsində isə Zinət sağ gözündən ağır zədə alır. Bir-neçə dəfə əməliyyat olunsa da, bu zədəni aradan qaldırmaq mümkün olmur və siz şəkildən bunu aydın görürsünüz.

Gözündən zədə almış Zinət

Bu hadisədən sonra Zinət və ailəsi evliliyə qarşı çıxır, nikah pozulur. Sanjay Xan isə Zinətdən heyf almaq məqsədilə mediaya belə bir açıqlama verir ki, o, Zinəti başqa bir kişi ilə əlaqə qurduğu zaman tutub və buna görə onu döyüb. Əslində isə, Zinət Amanın aktyor dostları, ətrafdakı hər kəs yaxşı bilirdi ki, Zinət Sanjayı dəlicəsinə sevib və ondan başqa kimsəyə gözünün ucu ilə belə baxmayıb.Aradan 4 il keçir və Zinət Aman ikinci dəfə ailə qurur. Məzhər Xan (ümumi götürdükdə, atalığından başqa Zinətin həyatına daxil olan kişilərin hər birinin soyadı Xan olub - atası Amanulla Xan, birinci əri Sanjan Xan və ikinci əri Məzhər Xan. Belə görünür ki, bu soyadların heç biri Zinət Amana uğur qazandırmayıb - N.) o zaman üçün o qədər də tanınmayan hind aktyoru olub. Bu nikah 12 il sürür. Zinətin iki oğlu - Azaan və Zaxaan dünyaya gəlir. İkinci əri Zinəti həqiqətən sevir və hörmət edir. Amma Zinət heç cür özünü xoşbəxt hiss etmir. O, birinci evliliyi zamanı çox sevdiyi şəxsə görə hər şeyini - sənətini, karyerasını, illər ərzində zəhmət verdiyi kino işini qurban verir, əvəzində isə heç nə qazanmır. İkinci evliliyində isə o, yenidən bu qurbanları vermək istəmir, sakit həyatına, iki övladına rəğmən yenidən filmlərə çəkilmək istəyi evdə narazılıqların başlanmasına səbəb olur və nəhayətdə, 1998-ci ildə ailə dağılır.

Məzhər Xan

Ailənin dağılmasından az keçmiş qaraciyər serrozuna tutulan Məzhər Xan vəfat edir. Bu dəfə də Zinət şiddətə məruz qalır. Məzhər Xanın yaxın qohumları, eləcə də 11 yaşlı oğlu Zinəti döyür. Onlar belə hesab edirlər ki, M.Xanın ölümündə günahkar Zinətdir. Amma ayrılmalarına rəğmən Zinət ərinin bütün müalicəsini öz üzərinə götürməsi, onu müalicə üçün Avropaya aparması təəssüf ki, heç kimin yadına düşmür. Məzhər Xanın yaxın qohumlarının təkidi ilə böyük oğlu evdən ayrılır.Ərini vəfatından sonra anasını da itirən Zinət ağır günlər keçirir. Üstəlik, böyük oğlundan ayrı qalması ona pis təsir göstərir. Onu ayaqda saxlayan isə yenidən çəkildiyi filmlər olur. Düzdü, Azərbaycan tamaşaçısı bu filmlərlə bəlkə də tanış deyil. Bunun da bir səbəbi odur ki, sovet hakimiyyəti dağıldıqdan sonra ötən əsrin 90-cı illərində, eləcə də 2000-ci illərin əvvəllərində çəkilən hind filmləri dublyaj olunmayıb.( 1999-cu ildə "Bhopal Express", 2003-cü ildə "Boom", 2006-cı ildə "Jaana: Lets Fall in Love", 2007-ci ildə "Sirf Romance: Love by Chance")Bundan əlavə Zinət Aman hind televiziyasında "Zinət Amanla söhbət" proqramına aparıcılıq edir və bu proqram sevilən qadın verilişlərindən biri olur.Yəqin ki, çoxlarına bu hiss tanışdır: sevdiyin, bəyəndiyin aktyorun filmlərinə baxanda xüsusi şövqlə tamaşa edirsən. Filmi sənə sevdirən məhz bəyəndiyin aktyordur. Yüz dəfələrlə baxsan da, hər dəfə həmin filmi ilk dəfə izləyirmiş kimi heç bir kadrı qaçırmaq istəmirsən. 2 saat müddətində sənin aldığın həzzi heç nə əvəz edə bilməz. Hətta həmin sevimli aktyor həyatda olmasa belə, yenə də filmə baxanda alınan həzzə kölgə düşmür, əksinə, sevinirsən ki, sənin idealın olan sənətkar ölməzdir. Amma idealın olan aktyorun həyatda yaşadığı çarəsizliklər, problemlər, yaşadığı faciələr haqqında oxuyanda, məlumat toplayanda bu həzzə acı bir yanğı qatılır və uzun müddət səni özünə əsir edir.

Gözəl hind aktrisasının acı taleyi məndə də belə bir iz buraxdı.

Bu yaxınlarda ona jurnalistlər sual verir ki, yenidən ailə qurmağı planlayırmı? O, bu suala belə cavab verib: "Yox, heç vaxt!"

NurayANN.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Mədəniyyət 10:09
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
UVS Production debüt konsert proqramını təqdim edib
Mədəniyyət 13:56
UVS Production debüt konsert proqramını təqdim edib
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
Mədəniyyət 10:00
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Mədəniyyət 08:33
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
Mədəniyyət 13:13
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Mədəniyyət 11:14
Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
Mədəniyyət 13:34
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib

Rəqsanə ev dustaqlığına buraxılıb
Mədəniyyət 17:48
Rəqsanə ev dustaqlığına buraxılıb

Xalq artisti Roza Cəlilova vəfat edib
Mədəniyyət 10:22
Xalq artisti Roza Cəlilova vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol