Abşeronda radikal dini cərəyanlar və onların təsirlərindən qorunmağın yolları barədə ictimai müzakirə keçirilib
Xırdalan şəhərində "Qadın Liderliyi Uğrunda" İctimai
Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə
dəstəyi ilə həyata keçirdiyi "Qadınların radikal dini cərəyanlar barədə
maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili"layihəsi çərçivəsində "Radikal
dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?"
mövzusunda ictimai müzakirə təşkil edilib.
Anews.az xəbər verir ki, İB-nin və layihənin rəhbəri Ülkər Abdullayeva radikal dini cərəyanlar,
onların dünyadakı və ölkəmizdəki təsirlərindən bəhs edib.
"Radikal dini şəbəkələrin əməllərindən ən çox əziyyət
çəkənlər məhz qadınlardır. Onlar qadınlara qarşı aşırı dərəcədə sərt
davranışlar nümayiş etdirir, onları kişilərin köləsi sayır, cinsi və digər cəhətlərdən
istismar edir, işgəncələr verir, əsassız ittihamlarla yarğılayır, şikəst edir,
insan alverinin qurbanına çevirir və qətlə yetirirlər. Bir çox hallarda
qadınlar bu cərəyanların təlqin etdiyi xürufata inanır, onların insanlığa zidd
aksiyalarının icraçısına və qurbanına çevrilirlər. Son illərdə Yaxın Şərq və Cənubi
Asiyada, o cümlədən, qardaş Türkiyədə beyni yuyulmuş, mövhumat və xürufatla
doldurulmuş müsəlman qadınlardan canlı
bomba kimi istifadə hallarının sayı artıb. Əl-Qaidə, İŞİD, Taliban və s. beynəlxalq
terror şəbəkələri müxtəlif yollarla (təbliğat, maddi şirnikləndirmə, şantaj, təhdid
və s.) öz sıralarına qadınları cəlb edir, onlardan öz mənfur əməllərini həyata
keçirmək üçün istifadə edirlər” – deyə Abdullayeva bildirib.
O, son illərdə Yaxın Şərqdə, xüsusilə də Suriya və
İraq ərazilərində gedən hərbi əməliyyatlara azərbaycanlıların, o cümlədən
qadınların cəlb edildiyinin sirr olmadığını vurğulayıb. Qeyd edib ki, radikal
dini şəbəkələrin üzvləri mütəşəkkil qaydada internet resurslarından, sosial şəbəkələrdən
istifadə edərək öz ideoloji baxışlarını cəmiyyətə yeritməyə, zərif cinsin nümayəndələrini
öz torlarına salmağa çalışırlar. Bəzən onların bu cəhdləri bəhrəsini verir.
Respublikamızda nəinki radikal dindarların ailədəki qadınları öz əməllərinə alət
etdiyi hallar var, eyni zamanda öz ailəsini, doğmalarını atıb radikal dini təşkilatlara
qoşulan qadınlar da var. Radikallar bir çox hallarda qadınların maarifsizliyindən,
cahilliyindən, maddi imkansızlığından istifadə edərək, onları dini xürufata
sürükləyir, öz qlobal torlarına sala bilirlər.
Tədbirdə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Azərbaycanın
böyük xeyriyyəçisi və maarifpərvəri Hacı Zeynalabdin Tağıyevin "Bir kişiyə
təhsil versən, təhsilli bir insan, qadına təhsil versən təhsilli bir ailə
qazanarsan” fikrini sitat gətirərək qeyd edib ki, cəhalətdən xilas olmaq, dövlətimizi
qorumaq, gücləndirmək üçün qadınlarımıza təhsil verməliyik.
Abşeron rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar
şöbəsinin müdir müavini Vüqar Bəşirov belə bir önəmli, maarifləndirici tədbiri
məhz onların rayonda keçirdiyi üçün "Qadın Liderliyi Uğrunda” İB-yə təşəkkür
edib.
www.anews.az