Bakıda “Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib
21 sentyabr tarixində
Beynəlxalq Sahilyanı Təmizlik Günündə ölkənin nüfuzlu şirkətləri, dövlət
qurumları, müxtəlif təşkilat və yüzlərlə könüllülərin iştirakı ilə keçirilmiş "Xəzəri
qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya çərçivəsində Buzovna çimərliyi
tullantılardan təmizlənib.
"Coca-Cola”, "Bakcell", "PAŞA Bank” şirkətlərinin,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin, ASAN Könüllülük Məktəbinin təşkilatçılığı, həmçinin, Azərbaycan
Respublikasının Dövlət Reklam Agentliyinin, ABŞ-ın və Avropa İttifaqına
üzv ölkələrin səfirliklərinin, ADA universiteti, "AzEkol”, "Carlsberg
Azerbaijan”, "Nargis” jurnalı, "ASAN Radio”, "Xəzər TV”, AFFA və Azərbaycan
Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilmiş aksiya çərçivəsində 700-dən
çox insan sahilyanı ərazini 3 tona yaxın tullantıdan təmizləyib.
Qeyd edək ki, dünyanın bir çox ölkəsi hər il 21
sentyabr tarixini Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı
Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə
yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan
könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.
Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir ki, iştirak edir.
""Coca-Cola” bütün dünyada aktual olan məişət
tullantıları probleminin həllində fəal rol oynayır. Azərbaycanda artıq 9 ildir
ki, çoxsaylı tərəfdaşlarımız ilə birlikdə Xəzər dənizinin sahillərini hər il
çimərlik mövsümü bitdikdə məişət tullantılarından təmizləyərək, insanları ətraf
mühitə qarşı daha məsuliyyətli olmağa çağırırıq. Çox şadıq ki, Azərbaycan bu beynəlxalq hərəkatda
hər il fəal iştirak edir və bu yolla biz, ölkəmizin, Xəzər dənizimizin daha təmiz
olmasına töhfəmizi vermiş oluruq.” - deyə "Coca-Cola” şirkətinin Qafqaz regionu
üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev
bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bu tip layihələrin gənclərin inkişafına verdiyi töhfəni vurğulayıb: "Hər ötən il aksiyaya qatılan könüllülərin sayı durmadan artır. Builki aksiyaya 500 "ASAN könüllüsü”nün qatılması gənclərin ekoloji layihələrə marağının artmasının bariz nümunəsidir. Ekoloji layihələrin gənclərin həm də sosial məsuliyyətli fərd kimi formalaşmasında xüsusi yeri var. Bu layihə sayəsində gənclər öz üzərilərinə düşən məsuliyyəti dərk etmiş olurlar.”
"Xəzəri qoruyaq!” şüarı altında Buzovna çimərliyində
keçirilən aksiya çərçivəsində təxminən 3 tona yaxın tullantı qismən emala göndərilib,
qalan hissəsi isə Balaxanı poliqonuna göndərilib. Hər il çimərlik mövsümünün
sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə
keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun
yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə
yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən
nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik
üçün lazımi ləvazimatlarla təmin olunub.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər