İlham Əliyev Bakıdan dünyaya səsləndi: “Qarabağ əzəli Azərbaycan torpağıdır“
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə Görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə çıxış edib.
Ölkə başçısı qeyd edib ki, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətraf yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi Ermənistanın işğalı altındadır.
"Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşüb. O vaxt Azərbaycan əhalisi səkkiz milyon nəfər idi və qaçqın və məcburi köçkünlərin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu.
Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilib, mindən çox insan itkin düşüb. Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb”.
Prezident BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnaməni də xatırladıb.
"Təəssüf ki, həmin qətnamələr həyata keçirilməyib. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içərisində icra edilir, bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir, kağız üzərində qalır.
Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm”.
"Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın izini itirməyə çalışaraq, bütün toponimləri məqsədli şəkildə erməniləşdirir. Ermənistan, həmçinin, işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur.
2016-cı ili aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla, altı azərbaycanlı mülki şəxs həlak olub, 26-sı yaralanıb, yüzlərlə ev dağıdılıb. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
www.anews.az