• $
  • £

Valideynlər psixoloqdan, psixoloqlar isə maaşından narazıdır - ŞİKAYƏT

Valideynlər psixoloqdan, psixoloqlar isə maaşından narazıdır - ŞİKAYƏT
05.11.2021 10:43
Məktəblərdə psixoloqların maaşı 360 manatdan başlayır, müəllimlərə edilən güzəştlərin heç biri psixoloqlara tətbiq edilmir. Həmçinin, psixoloqlara şagirdlərlə məşğul ola bilməkləri üçün xüsusi saatlar ayrılmır, bu da valideynlərdə narazılıq yaradır. Övladını məktəbə göndərən şəxslər psixoloqlaqların fəaliyyətindən, psixoloqlar məktəb rəhbərliyindən narazıdır. Bunu Anews.az-a müsahibəsində Qusar məktəblərinin birində  psixoloq vəzifəsində  çalışan Xəlil Xəlilli ( şərti ad, red.) bildirdi. 

Təhsil Nazirliyinin  tabeliyində olan  ümumi təhsil müəssisələrində 3 mindən çox psixoloq çalışır. Bu  Anews.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.  Xəlil Xəlilli ( şərti ad, red.) də bu psixoloqlardan biri olub, 2 ilə yaxındır ki, məktəbdə çalışır. O, məktəb psixoloqlarının əsas problemlərinin məvacib olduğunu düşünür:

"Mən  9 illik məktəbdə çalışıram. Burada 120 şagird olduğu üçün mən 1 şagird ilə ayda 2 dəfə görüşüb, söhbət edə bilirəm. Lakin şəhər məktəblərində şagird sayı çoxdur. Buna görə də həmin məktəblərə bir yox, bir neçə psixoloq ayrılmalıdır. Lakin, təəssüflər olsun ki, maaş azdır və bu da məktəbdə psixoloq işləməyə meyilli insanların sayına birbaşa təsir edir. Qaydaya uyğun olaraq, staj artdıqca maaş artmalıdır. Mən işə başlayanda 360 azn alırdım, onun da 53 manatı vergilərə gedirdi, mənə 307 azn pul qalırdı. 1 il sonra maaş artmalı idi, mən isə çoxlu müraciətlərdən sonra 1 il 9 ayın tamamında maaşı 375 manata qaldıra bildim. Bu da azdır. Həmçinin, maaşın az olunmasından savayı müəllimlərə tətbiq edilən güzəştlər bizə aid edilmir. Məsələn, müəyyən hallarda bölgədən göndərilən müəllimlərə əlavə ödəniş edilirsə, bu psixoloqlara verilmir", - deyə   Xəlil Xəlilli ( şərti ad, red.) bildirdi. 

Bakı Şəhər Təhsil İdarəsinin ( BŞTİ) tabeliyində olan 311 ümumi təhsil müəssisəsində rəsmi olaraq  291 məktəb psixoloqu çalışmaqdadır. 20 məktəbdə isə çalışan psixoloqların bir qismi müqavilə ilə işləyir. Həmçinin, psixoloqlar arasında analıq məzuniyyətinə çıxdığına görə hazırda çalışmayanlar da var. Bu barədə  saytımıza açıqlamasında  İdarənin mətbuat xidmətindən məlumat verilib. Bakı məktəbində psixoloq işləyən Fəridə Qafarova ( şərti ad, red.)  da maaşın az olduğundan narazıdır. O bildirir ki, 20 il stajı var və 380 manat maaş alır:


"Azərbaycanda məktəbdə çalışan psixoloqlarqa hörmət etmirlər. Nə dərs saatı verirlər uşaqlarla məşğul olacaq, nə də maaşı qaldırırlar. Təsəvvür edin ki, gözləyirik hansısa müəllim dərsə gəlməsin, biz də onu əvəz edək və uşaqlarla danışaq. Məktəbdə uşaq çoxdur, amma mən təkəm. Çatdıra bilmirəm ki, hamısı ilə məşğul olum. Sonra da valideynlər narazılıq edirlər. Nə edək, necə edək bilmirik" , - deyə Fəridə Qafarova ( şərti ad, red.) əlavə etdi. 

Sosial şəbəkədə  keçirdiyimiz sorğunun nəticələri göstərir ki, istər bölgə, istərsə də  məktəb psixoloqlarının maaşı 360-400 arası dəyişir. Respondentlər maaşın qalxmasının tərəfdarıdır. 



 
Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev də psixoloqların maaşının qalxmasının  tərəfdarıdır. Lakin deputat problemin tək maaş olmadığını düşünür. Onun sözlərinə görə, Azərbaycanda psixologiya fənnin tədrisində ciddi nöqsanlar var:

"Ali məktəblərdə psixologiya ixtisası düzgün təşkil edilmir. Özüm bu ixtisas öyrədiləndə tədris edilən fənnlərin monitorinqini keçirmişəm. Bu fənnlər perspektivli psixoloq yetişdirməyə imkan vermir. Yaxşı psixoloq yetişdirilmirsə, həmin şəxslərin məktəblərdə gördükləri iş də effektli olmayacaq. Savadsız psixoloq uşağa nə öyrədəcək?! Yalnız bu mürəkkəb elmi mənimsəyən şəxslər yaxşı psixoloq ola bilər ", - deyə millət vəkili bildirdi. 

Deputat, həmçinin, şagird sayı çox olan məktəblərdə 2-3 psixoloqun olmasının lehinədir. Amma düşünür ki, yaxşı  psixoloq  olmadığı müddətcə bu heç nəyi dəyişmir:

"Xüsusilə, yuxarı sinif şagirdləri arasında mütəmadi olaraq psixoloqla görüşləri olmalıdır. Çünki həmin yaşlar həssas dövrə təsadüf edir ki, bu da ən pis halda intiharlara qədər gətirib çıxarır. Bizim ölkədə isə təəssüf ki, iş-işdən keçəndən sonra psixoloqların fəaliyyətinə nəzarət yada düşür. Bu, belə olmalı deyil. Ona görə də təşkil və nəzarət prosesləri düzəlməlidir ki, sonra məktəblərdə psixoloq sayı gündəmə gəlsin.  Psixoloqlar özləri də uşaq faktoru varsa mövzuya həssas yanaşmalıdır. Ümumiyyətlə, psixoloqların maaşının qalxmasının tərəfdarıyam" - deyə Etibar Əliyev vurğuladı.


Təhsil eksperti Kamran Əsədov bildirdi ki,   bu gün məktəblərdə psixoloq ştatı olsa da, psixoloqlar öz işlərini görmürlər. Onun sözlərinə görə, uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər də bunu sübut edir:


"Orta məktəblərdə çalışan psixoloqlar öz işlərini bilmirlər. Məktəb psixoloqları əksər məktəblərdə öz işləri ilə deyil, kənar işlərlə məşğul olurlar. Bir çox məktəblərdə psixoloqlar kağız aparıb-gətirir, məktubların qeydiyyatını aparırlar və s. Halbuki müasir dövrdə psixoloq ştatı məktəblərdə ən vacib olan ştatlardan biridir. Onun vəzifəsi də mühümdür. Bizim məktəblərdə psixoloqlara ehtiyac var.  Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemləri həllini tapmadığından aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər uşaqlar arasında intiharlar artır. Bu, uşaqların həyata hazır olmaması, çətin məqamlarda çıxış yolu tapa bilməməsi üzündən baş verir. Şagirdlərdə depressiya müşahidə olunur. Bu problemlərin əsas səbəbi bizim məktəblərdə psixoloqların işinin bu günün tələblərinə cavab verməməsidir. Ola bilsin ki, aldıqları təhsilin səviyyəsi onlara bu işi görməyə imkan vermir və ya onlar işlədikləri kollektivdə özlərini tapa bilmirlər. Məktəb psixoloqlarının funksiyaları aydın şəkildə işlənilməlidir. Təklif edirəm ki, məktəbdə psixologiya fənni keçirilsin. Hər yaşa uyğun psixologiya dərslikləri olardı. İbtidai siniflər üçün də. Onsuz da psixoloqlar ibtidai siniflərlə də iş aparırlar", - deyə ekspert əlavə etdi. 
 


Uşaq psixoloqu Fidan Qasımova bildirib ki, məktəblərdə psixoloji xidmət yox dərəcəsindədir:


"Məktəb psixoloqunun normal fəaliyyəti üçün qaydalara uyğun otağı - kabineti olmalıdr. Bu gün 6-8 və ya 16 kvadrat metr olan ən xırda, gözdən uzaq bir otaq verməklə, ya hansısa başqa işçi ilə bir yerdə oturdaraq psixoloqa şərait yaradıldığını demək gülməlidir. Məktəb psixoloqlarının kabinetinin təhcizatında heç nə yoxdur. Bu sahədə mövcud olan ciddi testlərin və s. heç biri Azərbaycan mühitinə uyğun deyil.  Bu gün sovet dövründəki kimi valideyn 5-8 saat işləyib evinə qayıtmır. Varlı və kasıbından asılı olmayaraq, istənilən valideyn 10-12 saaat işdə vaxt keçirir. Uşağına vaxt ayıra bilmir. Uşaqların bir çoxu öz xarakterlərini açıqlamır. Ona yanaşma tərzini nə valideyn, nə də müəllim bilmir. Bu zaman psixoloq lazımdır. Bu gün məktəblərdə psixoloqun korreksiya işi ilə bağlı demək olar ki, iş aparılmır. Səbəb də şəraitsizlikdir. Hiperaktivlik, diqqət çatışmazlığı problemi olan uşaqların sayı çoxdur. Ailələrdə vaxtilə çox uşaq olurdu. İndi iki uşaq olduğundan ərköyün uşaqlar çoxdur. Bu uşaqlarla işləmək psixolqun vəzifəsidir. Müəllim onlara vaxt ayrısa, dərsini keçə bilməyəcək. Valideyn də uşaqğının problemini tam şəkildə dərk edəcək mütəxəssis deyil. Amma psixoloqlar bunu edə bilmir”, - deyə  Asəf Kərimov əlavə etdi. 

Təhsil naziri Emin Əmrullayev  cari ilin əvvəlində məktəblərdə psixoloqlarla bağlı təhlillər aparıldığını bildirib. Nazirin sözlərinə görə, böyük məktəblərdə bir psixoloq azdır, bu səbəbdən ”Məktəblinin dostu”nda psixoloq xidmətindən istifadə edilir.

"Məktəbdaxili qısnama (bullinq) halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Bu baxımdan bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsi, profilaktika mexanizmləri də hazırlanıb və yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcək.
Antibullinqlə mübarizəyə dair 4000 müəllimə və 2000 nəfər məktəb rəhbərinə təlimlər keçirilib. Eyni zamanda, ötən il "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili” qaydalarının təsdiq edilməsi, 226 məktəbdə 400.000-ə qədər şagirdi əhatə edən "Məktəblinin Dostu” layihəsi, müəllimlər üçün məktəb psixologiyası sahəsində ixtisasartırma təlimlərinin keçirilməsi, uşaq psixologiyası üzrə 800 nəfər psixoloq üçün təlimlərin keçirilməsi və hazırda da UNICEF-in dəstəyi ilə davam edən 300 nəfər psixoloq üçün cəbhəyanı bölgələrdə təlimlərin təşkili Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə nümunədir", - deyə nazir əlavə edib. 

2021-2022-ci tədris ilində  "Məktəblinin Dostu" layihəsi 400 minə yaxın şagirdi əhatə edəcək, bunu " Məktəblinin Dostu " layihəsinin İctimaiyyətlə əlaqələri (PR) meneceri Nərgiz Kərimova  açıqlamasında bildirib. Fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək üçün tətbiq olunan bu layihədə Bakı  üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. Bu il "Məktəblinin Dostu" layihəsi üzrə  ümumilikdə , 400 əməkdaş çalışır. 

BŞTİ-nin məlumatına görə, məktəb psixoloqu müvafiq iş qrafikinə uyğun olaraq, çalışdığı təhsil müəssisəsində fəaliyyət göstərir. Hər bir ümumi təhsil müəssisəsində psixoloqlar il ərzində siniflərdə sorğular keçirir, problemli və risk qrupuna daxil olan şagirdləri müəyyənləşdirir, onlarla qrup və ya fərdi qaydada söhbət aparır, lazım gələrsə, müəyyən korreksiyaedici tapşırıqlar verir, valideynlərlə görüşür, maarifləndirici və qabaqlayıcı tədbirlər görür.

Övladları ümumi təhsil müəssisələrində  oxuyan 40 Bakı sakini arasında keçirdiyimiz sorğuda isə respondentlərin  əksəriyyəti  məktəb psixoloqlarının fəaliyyətindən narazıdır.
Sorğuda iştirak edən 25 respondent məktəbdə işləyən psixoloqu nəinki özünün, həmçinin, övladının da tanımadığını bildirdi. Həmin şəxslərin sözlərinə görə, psixoloq  şagirdlər arasında müxtəlif sferalarda mütəmadi söhbətlər etməli olsa da,  bunu etmir və vəzifə səlahiyyətlərini düzgün icra etmirlər. 10 respondent uşaqları oxuyan  məktəbdə işləyən psixoloqların  fərqli ixtisası bitirdiyindən narazıdır. Sözügedən Bakı sakinləri bildirdi ki, psixologiyanı bitirməyən şəxslər həmin vəzifəni icra etdiyinə görə boşluqlar var və övladları ilə təhsil müəssisəsində profilaktik söhbətırin aparılmaması o uşaqlarda müəyyən problemlərə yol açacaq. Sorğuda iştirak edən digər 5 şəxs isə psixoloqların işindən razıdır. Onların fikrincə, məktəbdə çalışan psixoloqlara güclü nəzarət var. Həmin respondenlər bildirdi ki, psixoloqlar mütəmadi olaraq  şagirdlərə fərdi yanaşaraq uşaqların problemlərini həll etməyə fokuslanırlar. 
 
Ləman Qasımova 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol