Nazir Azərbaycanın Ermənistana beş maddəlik təklif verməsindən danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının Ermənistana beş maddədən ibarət təklif verməsinin məqsədlərini açıqlayıb.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edir.
"Ermənistana irəli sürülən beş maddəlik təklifin əsas fəlsəfəsi ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsi başa çatandan, yəni 30 illik işğala son qoyulandan, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan dövlətinin bu səhifəni bağlamağa hazır olduğunu bildirmişdi. Belə olan təqdirdə Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyə hazırlığını bəyan etmişdi. Bu mesaj Ermənistan tərəfində təmxinən bir il bundan əvvəl verilmişdi. Bir il ərzində bir neçə dəfə bu təklif gündəmə gətirilib.
Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli üzvüdür. Biz həm ikitərəfli münasibətlərin inkişaf etməsində, həm də daha geniş mənada bölgədə sülh, inkişaf və tərəqqinin təmin edilməsi üçün qonşu ölkələr arasında münasibətlərin qurulmasında maraqlıyıq. İndiki vəziyyət, yəni Azərbaycanla Ermənistan arasında faktiki olaraq münasibətlərin, əlaqələrin olmaması, düşmənçiliyin saxlanması nə Azərbaycan, nə Ermənistan, nə də region üçün fayda gətirən deyil. Bundan irəli gələrək Azərbaycan bu addımı atdı. Bir ilə yaxın müddət ərzində Azərbaycan Ermənistandan heç bir konkret cavab almayıb. Bu məsələdə Azərbaycan tərəfi olaraq növbəti addımı atıb xoş niyyətimizi göstərdik", - nazir vurğulayıb.
Bu gün isə Ermənistanın Armday.am saytı həmin 5 maddəlik sənədin olduğunu iddia edərək, detalları bölüşüb. Maddələr aşağıdakılardır:
- Ermənistan Azərbaycanın ərazi bütövlüyü tanıyır, o cümlədən Qarabağa qarşı hər hansı iddiadan imtina edir.
- Ermənistan qoşunlarının Ermənistan Respublikası ərazisindən, qondarma "anklavlardan" çıxarılması (söhbət Kərki və Qazax rayonunun 5 kəndindən gedir).
- Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası (Bu, 1970-ci il Sovet xəritəsi əsasında aparılacaq)
- "Zəngəzur dəhlizi” adlanan əraziyə xüsusi statusun verilməsi də daxil olmaqla, nəqliyyat rabitəsinin blokdan çıxarılması,
- Azərbaycanlı qaçqınların Ermənistana qayıtması və ya onlara dəyən maddi ziyanın ödənilməsi imkanlarının müzakirə edilməsi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər