Türkiyə Azərbaycan qazının idxalını 27% azaldıb

2022-ci il yanvar-martında Türkiyə Azərbaycandan 2 305,42 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 27% azdır. Bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) məlumat yayıb.
2021-ci ilin yanvar-martında Türkiyə Azərbaycandan 3 157,97 mln. kubmetr qaz idxal edib.
Hesabat dövründə Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya (boru ilə nəql edilən qaz - red.) və ABŞ-dan (mayeləşdirilmiş təbii qaz - red.) sonra üçüncü yerdə qərarlaşıb.
2021-ci il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.
İdxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, "Şahdəniz-1" çərçivəsində qazın tədarükü azaldılıb.
EPDK-nin son məlumatına görə, 2022-ci ilin fevralında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22,63% azalıb. Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,352 milyard, ABŞ-dan 1,481 milyard, Azərbaycandan isə 747,52 milyon kubmetr təşkil edib. Fevralında Rusiyadan Türkiyəyə qaz ixracı 0,97% azalıb, ABŞ-dan isə 99,19% artıb. Türkiyə 3,614 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 2,658 milyard kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb. Türkiyənin boru kəməri ilə qaz idxalı 12,93% azalıb, mayeləşdirilmiş təbii qaz idxalı isə 43,55% artıb.
Energetika naziri Pərviz Şahbazovun açıqlamasına görə, bu ilin I rübündə Azərbaycandan Türkiyəyə 2,2 milyard kubmetr qaz nəql edilib. Türkiyəyə Azərbaycanın "Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcək.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 