• $
  • £

Baş Prokurorluq jurnalistlərə niyə xəbərdarlıq edir? - Jurnalistlərdən AÇIQLAMA

Baş Prokurorluq jurnalistlərə niyə xəbərdarlıq edir? - Jurnalistlərdən AÇIQLAMA
04.08.2022 17:34
Hərbi jurnalist Səxavət Məmmədov, ictimai fəal Rövşən Məmmədov, jurnalist Zülfüqar Ələsgərov və Elgün Rəhimov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Qəhramanlı, Zeynal Baxşiyev və D18 Demokratiya hərəkatının üzvü Ruslan İzzətliyə Qarabağın işğaldan azad olunmuş ərazilərində baş verən hadisələrlə bağlı facebookda post paylaşdıqları üçün  "Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə ilə gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.


Bildirilib ki, aparılan monitorinqlərlə mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda "Media haqqında” qanunun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb.

Baş Prokurorluğa çağırılan hərbi jurnalist Səxavət Məmmədov deyir ki, əslində o dəvət olunsa da, ona dəvətin bir dənə də olsun səbəbini açıqlaya bilməyiblər.

"Şifahi şəkildə Prokurorluğa dəvət olundum. Soruşdum ki, hansı qanunla, hansı dövlət sirri ilə və hansı yazıya irad olaraq dəvət olunmuşam? Bununla bağlı heç bir əsas gətirə bilmədilər. Belə başa düşdüm ki, heç özləri də məni niyə dəvət etdiklərini dəqiq bilmədilər. Maraqlıdır ki, həmin günlər müharibənin başlanacağını yazanları da, yazmayanları da dəvət ediblər. Ümumilikdə isə hər hansı üçüncü şəxsin şikayəti əsasında dəvət olunduğumu bildirdilər”,  ekspert bildirib.

Səxavət Məmmədov onu da vurğulayır ki, ən pis hal budur ki, dəvət olunan jurnalistlərə ənənəvi mətbuatda yazdıqlarına görə deyil, məhz sosial şəbəkə hesablarındakı postlarına görə xəbərdarlıq edilib. 

"Burada sanki vəzifəni aşağılamaq kimi bir görüntü var. Əgər mənim vəzifəm varsa, buna görə vergi ödəyirəmsə və fəaliyyət göstərirəmsə niyə məni sosial şəbəkə istifadəçisi kimi təqdim edirlər? Düşünürəm ki, MEDİA və Mətbuat Şurası bu məsələnin üzərinə getməlidir", –  Məmmədov vurğulayıb. 


Hərbi ekspert onu da deyir ki, facebookda status yazan jurnalistlərdənsə "Tiktok"da canlı açan və video çəkən hərbçilər cəzalandırılmalıdır: "Müdafiə Nazirliyi öz içində təmizlik aparmalıdır. "Tiktok"da Azərbaycan artıq İrəvanı da alıb. Amma onlara nə isə deyən yoxdur. Nazirliyin daxili təhlükəsizlik idarəsi bu işlərlə məşğul olsa yaxşı olardı". 

Prokurorluğa çağrılan jurnalistlərdən olan Zülfüqar Ələsgərov isə deyir ki, onu yazdığı hər hansı statusa görə çağırmayıblar. Sadəcə başqa bir saytın materialını yayımladıqları üçün onlara tövsiyə xarakterli xəbərdarlıq olunub. 

"Bizim.media" saytının əməkdaşı Elgün Gəncimsoy bildirir ki, jurnalisti Prokurorluğa dəvət etməklə onun fəaliyyətini məhdudlaşdırırlar. 

"Müdafiə Nazirliyindən qabaq Kəlbəcərdə mina partlaması xəbərini paylaşmışdım. Bizim kimi bəzi jurnalistlərin belə paylaşımları erməni mediasında xəbərə çevrilir.  Buna görə də bizə şifahi xəbərdarlıq edilib. Bu baxımdan Prokurorluğun dəvət etməsini uyğun hesab edirəm. Cəza tətbiqi haqında heç nə deyə bilmərəm. Amma hesab edirəm ki, bu jurnalistin fəaliyyətinin məhdudlaşdırılmasıdır”, – Gəncimsoy söyləyib.


"AFN.az"ın baş redaktoru Səbuhi Qafarov da Baş Prokurorluğa çağrılan jurnalistlər arasında olub. O bildirir ki, həyat yoldaşı, jurnalist Həbibə Abdullanın yazdığı statusa görə ora dəvət edilib. 

"Həyat yoldaşım Həbibə Abdullanın yazdığı statusa görə dəvət olundum. Sadəcə rəsmi dəvət tələb etdiyi üçün zəng edərək məni dəvət etdilər. Baş Prokurorluqda Cinayət təbiqindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevlə görüşümüz oldu. O izah etdi ki, biz jurnalistlərin ictimai yükü olduğu üçün yazdığımız statuslar cəmiyyətdə narahatlıq yarada bilər. Bu baxımdan profilaktik söhbətlər aparıldı və şifahi xəbərdarlıq edildi”, – Qafarov söyləyib.

Media eksperti Ələsgər Məmmədli bildirir ki, jurnalistlərin Baş Prokurorluğa dəvət olunması qanunazidd addımdır.

"Prokurorluq Media haqqında Qanunun 14-cü maddəsinə (Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər) istinad edir. 14-cü maddədəki tələblər isə şəxslərə yönəlik tələb deyil, mediaya yönəlik tələbdir. Yəni bu tələb qanunda 1-ci maddədə anlayışlar hissəsində media subyekti kimi tanınan, ifadə edilən media subyektlərinə aiddir. Fərdlərə, sosial media istifadəçilərinə aid deyil. Ruslan İzzətli, Səxavət Məmməd və s. adda media subyekti mövcud deyil. 14-cü maddəni fərdləri sıraya düzmək üçün istifadə edilə bilməz.


Fərd öz statusunda mövqeyini ifadə edir, qanunvericilik ona balanslı informasiya yayma öhdəliyi qoya bilməz. Adından göründüyü kimi fərdin şəxsi mülahizələridir, düşüncələridir, yayır, tənqid edir və s. Halbuki, prokurorluğun istinad etdiyi yarımbənddə "birtərəfliliyə yol verməmək" şərtini görürük. Bu şərt sosial media istifadəçisinə yox, media subyektinə yönəlik tələbdir. Bəli, media birtərəfliliyə yol verməməlidir. Yəni AZTV, İTV, REAL TV, AZƏRTAC və s media subyektləri birtərəfli məlumat yaymamalıdır.  Əgər prokurorluq media subyektlərinin "birtərəfliliyini" monitorinq edib xəbərdarlıq edəcəksə, gərək yuxarıda adını yazdığım və yazmadığım bütün media subyektlərinin hər saat başı xəbərlərindən sonra onların alnına bir xəbərdarlıq yapışdırsın”, – deyə ekspert söyləyib.


Hərbi jurnalist  Seymur Kazımovun fikrincə, jurnalistin peşə fəaliyyətinə müdaxilə yolverilməzdir. O, mövzunun aktuallığını nəzərə alaraq fikirlərini sərbəst ifadə edə bilər. 

"Jurnalistlərin Baş Prokurorluğa dəvət olunması doğru deyil. Azərbaycanda nə fövqəladə, nə də hərbi vəziyyət elan olunub. Nəyə görə jurnalistləri və ya adi vətəndaşları yazdıqlarına görə xəbərdarlıq üçün çağırırlar? İnsanlar şəxsi fikrini paylaşır. Belə çıxır ki, adamları məcbur edirlər ki, sən bu haqda fikirləşmə. Əgər aiddiyəti qurumlar vətəndaşların yazdıqlarından narahat olurlarsa, bu zaman çıxıb açıqlama verməlidirlər”, – deyə Kazımov əlavə edib.

Ekspert onu da bildirir ki, jurnalistləri sosial şəbəkə  istifadəçisi qismində Prokurorluğa çağırılmalarının da bir səbəbi var.
 
"Jurnalistləri ona görə jurnalist kimi təqdim etmirlər ki, bu zaman onların peşə fəaliyyətinə müdaxilə  durumu yaranacaq və bunun ağır çəkisi var. Əslində Baş Prokurorluq bu məsuliyyəti  dərk edir. Bu hallara son qoyulmalıdır”, – deyə Seymur Kazımov vurğulayıb. 


"Media haqqında qanun”un 14-cü maddəsinə görə mediada dərc olunan və yayımlanan informasiyaya dair tələblər aşağıdakılardır:
 
 Mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:

Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;


Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;

dövlət dili normalarına riayət edilməlidir;

irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, 

irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;

terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;

 əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;

şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;

şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;

böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;

sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;

faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir;

parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;

pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;

qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;

 "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;

 "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir.

Yerüstü yayımçı proqramlarında bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan tələblərlə yanaşı dövlət dilindən istifadəni də təmin etməlidir.

Yerüstü yayımçı proqramlarında yalnız Şuranın razılığı ilə digər dillərdən istifadə edə bilər.

Baş Prokurorluqdan isə bildirdilər ki,media subyektləri və sosial şəbəkə istifadəçiləri dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatlar verərsə, qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunacaqlar. 


Baş Prokruroluğun xəbərdarlığına baxmayaraq, 2022-ci il avqustun 3-də Azərbaycanda yerli medialar Laçında atəşkəsin pozulması və Azərbaycanın hərbi əməliyyatlar keçirməsi ilə bağlı xəbərlər paylaşıb və heç bir rəsmi mənbəyə istinad etməyiblər. Baş Prokurorluq  hələ ki, bununla bağlı məlumat yaymayıb.
 
Gülnar Nazimqızı 
 
ISTİQAMƏT:5.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.




Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol