Aclıq aksiyasının 8-ci günündə Bəxtiyar Hacıyevin vəziyyəti pisləşib
1 nömrəli Bakı cəzaçəkmə müəssisəsində səkkiz gündür ki , aclıq aksiyası keçirən ictimai fəal Bəxtiyar Hacıyevin vəziyyəti pisləşib. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.
"Bəxtiyar Hacıyev dedi ki, bu gün onun təzyiqi 90/60, hərarəti 35,4, nəbzi 76-ya düşüb. Gün ərzində daha yarım kilo arıqlayıb, çəkisi 79,5 kq olub. Beləliklə, o, artıq 5 kq arıqlayıb. Zəiflikdən bəzən tarazlığını itirir və yıxılmamaq üçün özünü saxlayır. Lakin o, azadlığa çıxana qədər aclıq aksiyasını davam etdirəcək”, - vəkil bildirib.
Onun sözlərinə görə, bir gün əvvəl Bəxtiyar Hacıyev istintaq təcridxanasının sanitar qovşağına köçürülüb.
Vəkil onu da bildirib ki, dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsində fəalın ev dustaqlığına buraxılması ilə bağlı şikayətinə baxılacaq.
"Biz apellyasiya məhkəməsindən həbs-qətimkan tədbirinin dəyişdirilməsini gözləyirik", - Cavadov bildirib.
Onun sözlərinə görə, Hacıyevə qarşı irəli sürülən ittihamlarla o həbs edilməməli idi. Söhbət ictimai təhlükə yaratmayan cinayətlərdən gedir. Hacıyevi 1,5 ilə qədər həbs gözləyir. Qanuna əsasən, təqsirləndirilən şəxsə 3 ildən artıq həbs cəzası nəzərdə tutulursa şəxsin həbs edilməməsimə icazə verilir. Ümid edirik ki, məhkəmə həbs qərarını ləğv edəcək”, - vəkil bildirib.
Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sgün müddətinə həbs qərarı çıxarıb. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib, Hacıyevin özü isə məhkəmənin şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclıq aksiyasına başlayacağını vəd edib.
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib.
N.Təbrizli
www.anews.az