Deputat Laçın yolunda aksiyanı lağa qoyanları xain adlandırdı
Deputat Razi Nurullayev Laçın-Xankəndi yolunda aksiyaları lağa qoyanları xain adlandırıb. Bu barədə o Parlamentin iclasında çıxışı zamanı deyib.
Gülnar Nazimqızı
www.anews.az
"İlahi, ölkəmizdə nə qədər xain var. Bəziləri aksiyanı lağa qoyur. Ermənilərə sətiraltı və açıq dəstəklərini göstərirlər. Bu xainlikdir. Əgər imkanları olsa o yolu iflic edərlər. Kimin cürəti var Azərbaycanı qınasın?Təklif edirəm ki, bu cür şəxslər istintaqa cəlb olunsun. . Biz Birinci Qarabağ müharibəsində 25 min, Ikincidə 3100 şəhid vermədik ki, düşmən qüvvələrə satılmışlar onların ruhunu təhqir etsin. Çox şeydə güzəşt olar, amma, vətəni, torpağı, ölkəni satmaq, onun üzərində karyera qurmaq, pul qazanmaq istəyənlərə, şəxsi incikliyinin qisasını Ermənistana qahmar çıxmaqla Azərbaycan dövlətindən almaq cəhdinə isə güzəşt olmaz” -deputat bildirib.
Dekabrın 12-dən azərbaycanlı ekoaktivislər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı aksiya keçirirlər. Onlar Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Gülnar Nazimqızı
www.anews.az