Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on dörd gündür davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on dörd gündür davam edir.
Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Etirazçılar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib.
Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Onların tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Ekoaktivistlər və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, "Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, "Ekoloji cinayətə son!”, "Stop ekoterror!”, "Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
www.anews.az