ABŞ ehtiyatlarının rekord artımı ilə bağlı məlumatdan sonra neft ucuzlaşıb

Ötən həftə ABŞ neft ehtiyatlatrının iki illik rekord artımı barədə məlumat verdikdən sonra neft qiymətləri davamlı şəkildə ucuzlaşır.
Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri ötən gün hərracların bağlandığı zamanla müqayisədə 0,77 dollar (0,96%) ucuzlaşaraq bir barel üçün 79,33 dollar təşkil edib. Çərşənbə axşamı bu kontraktlar 45 sent (0,6%) artaraq 80,10 dollar/barelə çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında fevral ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 74,34 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,78 dollar (1,04%) aşağıdır. Son sessiyanın yekunları üzrə müqavilənin qiyməti 49 sent (0,7%) artaraq 75,12 dollar/barel olub.
Amerika Neft İnstitutunun (API) dünən açıqladığı hesabatda, ABŞ-ın ehtiyatlarının əvvəlki iki həftəyə nisbətən azaldıqdan sonra yanvarın 6-da bitən həftədə 14,9 milyon barel artdığı göstərilib. Artım 2021-ci ilin fevralından bəri ən yüksək artım olub.
İndi treyderlər çərşənbə günü saat 19:30-da Energetika Nazirliyi tərəfindən açıqlanacaq rəsmi məlumatları gözləyirlər.
Trading Economics-in sorğusuna qatılan analitiklər Energetika Nazirliyinin məlumatlarının neft ehtiyatlarının 2,24 milyon barel azalmasını göstərəcəyini proqnozlaşdırırlar.
Commerzbank-ın əmtəə bazarı analitiki Carsten Fritsch bildirib ki, "Çində COVID-19-a yoluxma halları pik nöqtəyə çatdıqdan və iqtisadi aktivlik sürətləndikdən sonra neft qiymətlərinin yenidən artacaq".
N.Təbrizli
www.anews.az