Azərbaycan ABŞ ilə enerji sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan ABŞ şirkətləri ilə bərpa olunan enerji məbnələrinin Azərbaycanda tikintisi ilə bağlı əməkdaşlıqda açıqdır. Bunu Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bazar ertəsi jurnalistlərə bildirib.
"Biz ABŞ-dan olan investorlara 3 əsas bölgədə investesiya qoymaqda maraqlı olduğumuzu bildirmişik. Bura işğaldan azad olmuş torpaqlar, Xəzərin Azərbaycan sektoru və Naxçıvan Muxtar Respublikası daxildir”, - Soltanov bilirib.
Bu gün Bakıda Azərbaycan-ABŞ enerji forumu keçirilib. Forumda ABŞ-ın 9 şirkətinin təmsilçiləri iştirak edib və Azərbaycanın bərpa olunan enerji mənbələri ilə bağlı layihələrdə maraqlı olduqlarını bildiriblər.
ABŞ ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman bildirib ki, ABŞ bərpa olunan enerji mənbələri sahəsində müəyyən edilən hədəflərin əldə edilməsində Azərbaycana dəstək verməkdə hazırdır.
"ABŞ emissiya səviyyəsi yüksək olan sektorlarda karbon tullantılarının aşağı salınmasına dair öhdəliyinə sadiqdir. Prezident Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə ABŞ-da ətraf mühitə atılan tullantıların səviyyəsini sıfıra çatdırmaq öhdəliyini götürüb”, - Venkataraman bazar ertəsi Bakıda keçirilən Azərbaycan-ABŞ "Yaşıl enerji” forumunda bildirib.
O qeyd edib ki, ABŞ gəmiçilik və dəmir yolu nəqliyyatı kimi sahələrdə atmosferə tullantıların azaldılması məsələlərində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Zinyət Mehtiyeva
www.anews.az
Son xəbərlər
Daha çox 