BTC ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası Ceyhan limanından yola salınıb - FOTO

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası 22 aprel 2023-cü ildə Türkiyənin Ceyhan limanından yola salınıb.
Bu haqda SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations" MMC-nin məlumatında bildirilir.
"Tengiz” yatağından hasil edilən 83,2 min ton (665 min barel) neft "Alatau” tankerinə yüklənib. Yükləmə mərasimində SOCAR, KazMunayQaz, Tengizşevroil, Kazmortransflot və onların törəmə şirkətlərinin nümayəndə heyətləri iştirak ediblər.
Bu nailiyyət 2023-cü ilin martında başlayan Qazaxıstanın Aktau limanından Azərtrans Səngəçal terminalına davamlı neft tədarükü və sonradan BTC vasitəsilə nəqli nəticəsində əldə edilib. Ceyhan limanında Qazaxıstan neftinin növbəti partiyasının tankerə yüklənməsi 2023-cü ilin may ayının sonuna planlaşdırılır.
SOCAR Qazaxıstan neftini BTC boru kəmərinə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisi və ətrafında toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.
www.anews.az