IGB ilə indiyə qədər tədarük edilən Azərbaycan qazının həcmi açıqlanıb

2023-cü ilin birinci rübündə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə 3 milyon meqavat-saatdan çox təbii qaz nəql olunub.
Şirkətdən verilən məlumata görə, 1 oktyabr 2022-ci ildə kommersiya istismarı başladıqdan etibarən boru kəməri ilə 8 milyon meqavat-saatdan çox təbii qaz nəql olunub.
"Hazırda nəql sisteminin operatoru olan ICGB uzunmüddətli müqavilələr çərçivəsində 1,57 kubmetr qazın bron edilməsi istiqamətində bütün öhdəliklərini icra edir", - ICGB-dən deyiblər.
Şirkətdən bildiriblər ki, boru kəməri hazırda Bolqarıstanın təbii qaza olan daxili tələbatının 1/3-ni qarşılayır və onun regionun bir sıra digər ölkələrinə, o cümlədən Rumıniya, Moldova və Ukraynaya nəqlinə imkan verir.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.
www.anews.az