Yeniyetmələrin nişanlanması cinayətdir ya qanunauyğunluq? - ARAŞDIRMA
Kürdəmir şəhərində 8-ci sinif şagirdi olan qızın ərə verilməsi ilə bağlı məlumat yayılıb. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi araşdırma aparıb və məktəbli qızın evlənməsi deyil nişan mərasiminin baş tutması faktı ortaya çıxıb. B
Qanunvericilikdə yetkinlik yaşına çatmayanların evləndirilməsi qadağandır. Bəs yetkinlik yaşına çatmayanların nişanlandırılması ilə bağlı qanunvericilikdə hər hansı qadağa varmı?
Deputat Razi Nurullayev hesab edir ki, qanunverciliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilməlidir.
"Nişanlanmamın özünün də evlənmə ilə eyniləşdirilməsi lazımdı. Qız uşağının ancaq həddi-büluğa çatandan sonra, qanunvericiliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilə bilər. Hazırda Azərbaycanın adət-ənənəsi var, kimlərsə sözləşir, bir-birinə razılıq verirlər. Bunun rəsmi olaraq nişanlanılması, barmağına üzük taxılması eynilə evləndirilməyə bərabər tutulub cəzalandırılmalıdır. Oğlanla qız nişanlanarkən özlərini bir-birlərinə məhrəm kimi, sahib kimi aparacaqlar. Mən bunu həm ata, həm millət vəkili, həm də partiya sədri kimi doğru qəbul etmirəm. Məncə bu qanunvericilikdə olan boşluqdur. Qanunvericiliyə dəyişiklik edilməli, bu boşluq aradan qaldırılmalıdır. Bununla bağlı müvafiq qanuvericilik aktlarının müzakirəsi zamanı təklif verəcəm”, - deputat əlavə edib.
Sosioloq Elçin Bayramlı hesab edir ki, nişanlanma formal prosesdir və heç bir hüquqi məsuliyyət daşımır.
"Nişanlanma prosesi hüquqi proses olmadığı üçün buna heç kim qarışa bilməz. İnsanlar elçi gedə bilər, nişanlana bilər. Uşaqların bir-birini tanıması üçün erkən yaşda nişanladıra bilərlər. Onlar gələcəkdə evlənib-evlənməməyə özləri qərar verəcək. Cəmiyyətdə bu kimi hallara qarşı çıxmaq bizim milli mənəvi dəyərlərimizi tapdalamaqdır”, - o vurğulayıb.
Sosiloqun sözlərinə görə, uşağı 1 yaşında da nişanlamaq olar.
"Nişanlamaq uşaqların gələcəkdə evlənməsinə razıyıq deməkdir. Bizim milli mənəvi dəyərlərimiz var və onları sıradan çıxarmaqla gənclərin evliliyini uzatmaq lazım deyil. Artıq gənclərin evliliyin o qədər uzadıblar ki, 30 yaşında evlənə bilmirlər. Elçilik, evlilik çox gözəl institutdur. Uzun illərdir davam edir. Bu gənclərin bir-birini tanıması üçün yaxşıdır. Bundan sonra gənclər özləri evlənib-evlənməməyə qərar verəcəklər. Buna kimsə qarışa bilməz. Öz həyatı ilə bağlı hər kəs özü qərar verir. Fakt olan zaman dövlət qarışa bilər. Əgər dövlətin qanunları pozulmursa, cəmiyyətə zərər verilmirsə, şiddət, zorakılıq faktı yoxdursa, heç kim buna müdaxilə edə bilməz. Heç kim bizə yad dəyərləri gətirməsin, min illərdir biz bu cür formalaşmışıq. Heç bir problem də yaşanmayıb. Problem yalnız mənəvi dəyərlər çökdürüləndə, gec evlənmək təbliğ ediləndə ortaya çıxmağa başlayıb”, - Bayramlı əlavə edib.
Psixoloq Nabat Mirzəyeva hesab edir ki, uşağın erkən yaşda nişanlanması cinayətdir və gələcəyinə müdaxilədir.
"Yeniyetməlik çağında olan şəxsin nişanlanması sağlam yanaşma deyil. Bu yaşda olan nişanlar valideyinlər tərəfindən məcbur edilən və ya ailənin xəyallar, nağıllardan ibarət düşüncədə anladılması zamanı inandırılan yalanların nəticəsidir. Qarşımızdakı uşaq olduğu üçün bu miflərə inanır. Ailə qurmaq, nişanlanmaq üçün yeniyetməlikdən çıxıb yetkin olmaq lazımdır, burada fərd anlayışı olmalıdır, həyatda nəyi necə etmək lazım gəldiyi bilinməlidir. Sözsüz ki, yeniyetmə nişanlanırsa, onun gələcəyi əlindən alınır. Həmin yeniyetmədə zaman keçdikcə söylənilənlərin fərziyyələrdən ibarət olduğunu gördükdən sonra onda stress, OKP (Opsesif Komplusif Pozğunluq), depressiya, təşviş kimi hallar yarana bilər. Ağır formada psixologiyası pozula bilər. Nəticədə ailədə sağlam fərd dünyaya gətirmə gücü olmaz”, - psixoloq qeyd edib.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub. Yalnız üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox