Deputat ölkədə bağlanan KİV-lərə münasibət bildirib

Abzas.media əsla KİV deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır. Bunu Milli Məclisinin deputatı Zahid Oruc deyib.
"Ombusdmanın məruzəsində dövlət-media münasibətləri ilə bağlı geniş yer ayrılıb. Jurnalistlər media fəaliyyətinə görə yox, qeyri-şəffaf maliyyəşmə, xarici dövlətlərin məxfi siyasi layihələrində təsir agentlərinə çevrildiklərinə görə məsuliyyət daşıyırlar. Məsələn, Abzas.media layihəsi əsla KİV deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır. BBC, “Amerikanın Səsi”, Rossiya seqodnya və digər media subyektləri, eləcə də UNDP və ya Rus evi kimi mədəni-humanitar çətir altında çalışan təşkilatlarla bağlı dövlətimizin seçdiyi prinsip beynəlxalq qanunlara və milli ləyaqət prinsiplərinə tamamilə uyğundur. HRW, Freedom House və digər təşkilatlar son 4 ildə bir zəngilanlının, şuşalının azad torpaqlara qayıdışına, o cümlədən, mina terroruna hesabat həsr etməyiblər. İnsan hüquqlarının selektiv tətbiqi-özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi aparanların inhisarında olan sahəyə çevrilmişdi. Artıq hüquq monpolistlərinin hakimiyyəti iflasa uğrayır", - deputat bildirib.
"Abzas media" işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Abzas” media saytının direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kəkalov, jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı ekspert Fərid Mehrəlizadə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunublar.
Bunlar 206.4 (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (xüsusən külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar təşkilat tərəfindən törədildikdə) maddələridir. ), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürlərini, ştamplarını, blanklarını saxtalaşdırma, qanunsuz hazırlama və ya satma və ya saxta sənədlərdən istifadə etmə), Azərbaycan Cinayət Məcəlləsinin 320.2 (qəsdən saxta sənədlərdən istifadə etmə), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma).
Bir müddət öncə BBC, “Amerikanın Səsi”, Rossiya seqodnya-nın Azərbaycanda fəaliyyətlərinə verilən icazə ləğv edilib. Belə ki, BBC və Amerikanın səsinə verilən akkreditasiya ləğv olunub. Rossiya seqodnya-ya isə yalnız bir nəfərlə fəaliyyət göstərməyə icazə verilib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 