• $ 1.7
  • € 1.9916
  • ₽ 0.020295
  • ₺ 0.0412
  • £ 2.3021

Tramp vasitəçidir, amma sülhə zəmanət varmı? - MÜSAHİBƏ

Tramp vasitəçidir, amma sülhə zəmanət varmı? - MÜSAHİBƏ
10.08.2025 22:56

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma  müsbət addım kimi dəyərləndirilməlidir, lakin sülh müqaviləsinin imzalanması üçün hələ də ciddi hüquqi və siyasi maneələrin mövcuddür. Bunu Anews.az-a açıqlamasında politoloq Rauf Mirqədirov bildirib. 

Onun fikrincə, sülh razılaşmasının bütün müddəaları razılaşdırılıb, ancaq bu, “sülh əldə olunub” demək deyil.

Razılaşdırılmış sənədin ratifikasiyası hələ qarşıdadır

Mirqədirovun sözlərinə görə, hazırkı mərhələdə söhbət yalnız razılaşdırılmış mətndən gedir.

“Əgər sülh müqaviləsi imzalansaydı, bu sənədi xarici işlər nazirləri deyil, birbaşa dövlət başçıları imzalamalı idi. Bundan sonra isə ratifikasiya mərhələsi başlayardı,” —  o bildirir.

Ratifikasiya isə istənilən halda sadə proses deyil. O, həm parlament təsdiqini, həm də bəzi hallarda Konstitusiya Məhkəməsinin rəyi ilə müşayiət oluna bilər.

Mirqədirov hesab edir ki, bu mexanizmlər təkcə texniki prosedurlar deyil, həm də siyasi iradənin göstəricisidir.

Əsas maneə — Ermənistan Konstitusiyası

Politoloqun diqqət çəkdiyi əsas məqam isə Ermənistanın hazırkı Konstitusiyasıdır. Onun sözlərinə görə, sənəddə Qarabağ Ermənistanın ərazisi kimi təqdim olunur və bu hüquqi ziddiyyət aradan qaldırılmayınca, sülh müqaviləsinin imzalanması mümkün deyil.

“Ermənistan Konstitusiyasına əsasən, Azərbaycan bu ölkənin ərazilərinin bir hissəsini ‘işğal edib’. Bu ziddiyyət dəyişmədikcə, heç bir hüquqi sənəd imzalana bilməz,” —  Mirqədirov vurğulayıb. 

O xatırladır ki, Ermənistan tərəfi bu məsələni 2027-ci ildə keçirilməsi nəzərdə tutulan referendum vasitəsilə həll etməyə söz verib. “Bu, təxminən iki il vaxt deməkdir,” —  politoloq qeyd edib.

 Mirqədirov sülh danışıqlarının dinamikasını və vasitəçilərə olan münasibətin necə sürətlə dəyişdiyini bildirib.

“Eyni sürətlə bizdə Qarabağ münaqişəsinin tənzimlənməsi formatına münasibət dəyişdi. 44 günlük müharibədən sonra bizim yeganə və təkrarolunmaz vasitəçimiz Vladimir Putin idi. Sonra bildirdik ki, bizə nə vasitəçi, nə də təminatçı lazım deyil. Bu gün isə həmin vasitəçi və təminatçı Donald Tramp oldu. Məlum olur ki, məhz o, son 30 ildə heç kimin bacarmadığını bacarıb!”, -  o vurğulayıb.

Qaçqınlar, delimitasiya və detalların razılaşdırılması

Sülh sazişi ilə yanaşı, qaçqınların geri qayıtması, onların yerləşdirilməsi, demarkasiya və delimitasiya kimi məsələlər də gündəmdədir. 

Sənəddə qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququna birbaşa toxunulmur. Bu isə, onun fikrincə, vacib siyasi və hüquqi problemdir. Tərəflər dövlət səviyyəsində qarşılıqlı iddialardan imtina etməyə razılaşsalar da, bu yalnız dövlətin qaldırdığı iddialara şamil oluna bilər.

“Amma fərdi iddialar sənəddə nəzərdə tutulmayıb. Belə iddiaların sayı on minlərlə ola bilər. Bütün bunlara hazır olmaq lazımdır”,  -   ekspert bildirib.

Anklavlar və ərazi mübadiləsi ehtimalı

Sazişdə anklavlarla bağlı məsələyə də toxunulmayıb. Siyasi bəyanatlardan belə anlaşılır ki, tərəflər ərazi mübadiləsini də istisna etmirlər. Bu isə, politoloqun fikrincə, ciddi konstitusiya dəyişikliklərini tələb edə bilər:

“Bu cür dəyişikliklər sadəcə delimitasiya və demarkasiya çərçivəsində həyata keçirilə bilməz. Ərazi mübadiləsi artıq sərhədlərin dəyişməsi deməkdir. Bu isə yalnız referendum yolu ilə – həm Ermənistanda, həm də Azərbaycanda – mümkündür”,  -  o deyib. 

“Tramp yolu” və geoiqtisadi reallıqlar

Politoloq ABŞ-da əldə olunan razılaşmalar arasında ən mühüm sənədin “Trump yolu” ilə bağlı olduğunu vurğulayır. Onun fikrincə, bu təşəbbüs geosiyasi və iqtisadi əhəmiyyət daşıyır.

“Bu təkcə Naxçıvanla Azərbaycanın dəmir yolu bağlantısı deyil. Burada Orta Dəhliz üzərindən neft, qaz və yüklərin Asiyadan Avropaya daşınmasından söhbət gedir,” —  Mirqədirov qeyd edib.

Anaklia limanında Çin şirkətlərinin fəallaşması, regionda İran və Türkiyə ilə yanaşı Çinin də maraqlarının artması bu prosesin qlobal aktyorlar tərəfindən ciddi izlənildiyini göstərir.

Təhlükəsizlik təminatı — ABŞ yoxsa Türkiyə?

Sülh sazişinin həyata keçirilməsi və yeni dəhlizlərin işə düşməsi üçün əsas şərt təhlükəsizlikdir.

Politoloq bu məsələdə Türkiyənin rolunu önə çəkir.

“Türkiyə ordusu Avropanın ən güclü ordularındandır və Azərbaycanda bazalar qurması təhlükəsizlik baxımından vacib təminat ola bilər,” — o vurğulayır.

Mirqədirov ABŞ-ın bu proseslərdə “zəmanətçi” kimi iştirakını müsbət qiymətləndirsə də, real təhlükəsizlik təminatçısının Türkiyə olduğunu hesab edir.

ATƏT Minsk Qrupunun hüquqi “zombiləşməsi”

Siyasi ekspert  ATƏT-in Minsk Qrupunun formal olaraq hələ də ləğv edilmədiyini, lakin artıq faktiki fəaliyyətinin olmadığını bildirir.

“Əgər Rusiya veto qoyarsa, bu struktur ləğv olunmayacaq. Bu isə Rusiyaya proseslərə müdaxilə imkanını saxlayır,” —  o bildirir.

Sonda ekspert qeyd edib ki,  sənədin imzalanması kifayət deyil — onun reallaşdırılması vacibdir.

“İmzalanma bir mərhələdir, reallaşdırma isə başqa bir prosesdir. Burada layihələndirmə, maliyyələşdirmə, təhlükəsizlik və siyasi razılaşma tələb olunur. Bunlar illərlə çəkə bilər. əldə olunan razılaşmalar müsbət və strateji baxımdan əhəmiyyətlidir, lakin yekun sülhə gedən yolda hələ əsaslı hüquqi, siyasi və texniki mərhələlər qalır” —  o  yekunlaşdırıb.

 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Kelloqla görüşüb
Dünya 23:25
Zelenski Kelloqla görüşüb
FTB Kirkin qətlində əli olanlar haqqında məlumat üçün pul mükafatı təklif edir - Yenilənib
Dünya 22:29
FTB Kirkin qətlində əli olanlar haqqında məlumat üçün pul mükafatı təklif edir - Yenilənib
ABŞ Dövlət Departamentinin rəsmisi Ermənistana səfər edib
Dünya 22:22
ABŞ Dövlət Departamentinin rəsmisi Ermənistana səfər edib
Menendesin erməni xanımı azadlıqdan məhrum edilib
Dünya 22:18
Menendesin erməni xanımı azadlıqdan məhrum edilib
Rusiya səfiri İsveç XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri İsveç XİN-ə çağırılıb
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dünya 19:32
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dohada ərəb və islam ölkələrinin fövqəladə sammiti keçiriləcək
Dünya 19:15
Dohada ərəb və islam ölkələrinin fövqəladə sammiti keçiriləcək
Tramp Çarli Kirki ölümündən sonra medalla təltif edəcək
Dünya 18:54
Tramp Çarli Kirki ölümündən sonra medalla təltif edəcək
Ermənistan Qazaxıstanla vizasız rejim haqqında sazişi ratifikasiya edib
Dünya 18:06
Ermənistan Qazaxıstanla vizasız rejim haqqında sazişi ratifikasiya edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol