Slovakiya və Azərbaycan 210 milyon avro dəyərində minaatan tədarükü barədə razılaşıb
Slovakiya və Azərbaycan Slovakiya istehsalı olan SAM-120 tipli özüyeriyən minaatanların tədarükünü nəzərdə tutan, təxminən 210 milyon avro dəyərində çərçivə sazişi imzalayıb. Bu barədə Slovakiyanın Pravda nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, müqavilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən World Defense Show beynəlxalq müdafiə sərgisi çərçivəsində imzalanıb.
Minaatanların istehsalçısı Slovakiyanın dövlətə məxsus müdafiə sənayesi şirkəti ZTS Specialdir. Saziş ümumilikdə təxminən 300 ədəd minaatanın alınmasını nəzərdə tutur. Hazırda tərəflər arasında birinci mərhələ üzrə 96 ədəd minaatanın tədarükü razılaşdırılıb.
Slovakiyanın müdafiə naziri Robert Kalinyak Pravdaya bildirib ki, eyni zamanda Azərbaycana lisenziyanın verilməsi və bu silahların ölkə ərazisində qismən və ya tam istehsalının təşkili imkanları müzakirə olunur.
SAM-120 özüyeriyən minaatanı ZTS Special şirkəti tərəfindən ilk dəfə 2024-cü ilin mayında təqdim edilib.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox