Səudiyyə Ərəbistanı Azərbaycana 5 ton xurma hədiyyə edib
Səudiyyə Ərəbistanı Ramazan ayı münasibətilə Azərbaycana 5 ton xurma hədiyyə edib, bu barədə AzərTAc məlumat yayıb.
Məlumata görə, xurmanın paylanması mərasimi Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin iqamətgahında keçirilib. Səfir Issam bin Saleh Al-Jutaili bildirib ki, humanitar aksiya Krallığın İslam məsələləri, dəvət və irşad nazirliyinin rəhbərliyi ilə həyata keçirilir.
Xurmanın əsas hissəsinin Qafqaz Müsəlmanları İdarəsinə, qalan hissəsinin isə rəsmi strukturlar vasitəsilə ehtiyacı olan şəxslərə paylanacağı qeyd olunub.
Məlumata görə, Kral Salman adına Humanitar Yardım və Xilasetmə Mərkəzinin himayəsi ilə yaxın vaxtlarda Azərbaycana əlavə 25 ton xurma göndərilməsi də planlaşdırılır.