• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıt faciəsi çoxuşaqlı ailələrin müdafiə mexanizmlərini gündəmə gətirib

Sumqayıt faciəsi çoxuşaqlı ailələrin müdafiə mexanizmlərini gündəmə gətirib
21.04.2026 17:30

Sumqayıtda 9 uşaqlı ailədə 6 uşağın dəm qazından zəhərlənməsi ilə nəticələnən hadisə Azərbaycanda ağır şəraitdə yaşayan çoxuşaqlı ailələrin vaxtında müəyyən olunması, izlənməsi və dəstəklənməsi mexanizmləri ilə bağlı sualları yenidən gündəmə gətirib.

Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Azərbaycanda çoxuşaqlı ailələr kifayət qədərdir və bu ailələr cəmiyyətin ən həssas təbəqələrindən birini təşkil edir.

Onun sözlərinə görə, mövcud reallıq fonunda əsas məsələ belə ailələrin sayından çox, onların həyat şəraitinin nə dərəcədə diqqətdə saxlanılmasıdır.

"Sumqayıtda 9 uşaqlı ailədə baş verən və 6 uşağın dəm qazından zəhərlənməsi ilə nəticələnən hadisə ciddi bir boşluğu üzə çıxarıb. Ailənin ağır şəraitdə yaşaması, uşaqların məktəbdən kənarda qalması göstərir ki, burada söhbət təkcə bir hadisədən yox, vaxtında görünməyən və ya görünsə də ardıcıl izlənməyən bir vəziyyətdən gedir",  -  Nurullayev bildirib.

Deputat əlavə edib ki, bu cür ailələr sistem daxilində əvvəlcədən görünən və daim izlənən kateqoriyaya daxil edilməlidir.

Onun fikrincə, sosial xidmətlər yalnız müraciət əsasında deyil, real ehtiyac zamanı da göstərilməlidir.  Ailənin yaşayış şəraiti, uşaqların təhsili, sağlamlığı və təhlükəsizlik vəziyyəti kağız üzərində deyil, yerində qiymətləndirilməlidir.

Nurullayev vurğulayıb ki, burada məsələ yalnız bir qurumun fəaliyyəti ilə məhdudlaşmır.

"Sosial müdafiə, təhsil, səhiyyə və yerli icra strukturları arasında real əlaqə və məlumat mübadiləsi qurulmadıqda belə hallar gözdən yayınır. Məktəbə getməyən uşaq, ağır şəraitdə yaşayan ailə, təhlükəli ev mühiti — bunların hər biri ayrıca siqnaldır və bu siqnallar vahid sistemdə birləşdirilməlidir. Ən vacib məqam reaksiyanın vaxtında verilməsidir. Belə hadisələr baş verdikdə dövlət orqanları dərhal reaksiya verir və köməklik göstərir, lakin bu, istisna deyil, normal yanaşma olmalıdır. Təəssüf ki, çox vaxt reaksiya yalnız xahişdən, müraciətdən və ya məsələ diqqət çəkəndən sonra ortaya çıxır",  - deputat deyib. 

 Onun fikrincə, dövlətin nəzərdə tutduğu sosial yardım və xidmətlərə çıxış üçün vətəndaşın qapı-qapı düşməsi düzgün deyil. İnsan ehtiyac içindədirsə, sistem onu özü tapmalı və yanında olmalıdır.

Sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, çoxuşaqlı ailələrin təminatının daha da yaxşılaşdırılması üçün əlavə yardımlara ehtiyac var.

O qeyd edib ki, Azərbaycanda çoxuşaqlı ailələr üçün sosial dəstək proqramları mövcuddur və ölkədə 5-dən çox uşağı olan ailə çoxuşaqlı ailə hesab edilir.

"Hazırda belə ailələrin sayının 8 minə yaxın olduğunu deyən sosioloq vurğulayıb ki, bu ailələrdə hər uşağa görə müavinət verilsə də, onların sosial və kommunal durumunun yaxşılaşdırılması üçün əlavə dəstək mexanizmləri tətbiq olunmalıdır",  -  sosioloq deyib. 

Onun sözlərinə görə, belə ailələr kommunal xərclərlə bağlı güzəştlər ala, bəzi vergi öhdəliklərindən azad oluna bilərlər. Bununla yanaşı, o qeyd edib ki, valideynlər də uşaqların bütün təminatlarını yerinə yetirməlidirlər.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, bu mövzu yalnız sosial deyil, eyni zamanda ciddi psixoloji və inkişaf aspektləri olan həssas bir məsələdir.

Onun sözlərinə görə, çoxuşaqlı ailələrin mövcudluğu özlüyündə problem deyil. Əksinə, düzgün sosial, iqtisadi və emosional mühit təmin olunduqda belə ailələrdə böyüyən uşaqlar yüksək sosiallaşma bacarıqları, paylaşma vərdişi və məsuliyyət hissi ilə seçilə bilirlər.

"Problem məhz uşaqların hansı şəraitdə böyüməsindədir. Əgər ailə yalnız sosial müavinət almaq motivi ilə çoxuşaqlılığa gedirsə və bu proses planlı valideynlik, psixoloji hazırlıq və maddi imkanlarla uzlaşmırsa, burada artıq uşağın maraqları ikinci plana keçir. Bu isə uşağın şəxsiyyət inkişafına birbaşa təsir edir", - psixoloq bildirib.

Rüstəmov qeyd edib ki, uşağın sağlam psixoloji mühitdə böyüməsi üçün ona fərdi diqqət, emosional dəstək, təhlükəsizlik hissi və sabit ailə münasibətləri lazımdır. Bu elementlər çatışmadıqda uşaqlarda özgüvənin aşağı olması, davranış pozuntuları, aqressiya və ya əksinə passivlik, sosial adaptasiya çətinlikləri müşahidə oluna bilər.

Onun fikrincə, belə ailələrdə ən böyük risklərdən biri emosional laqeydlikdir. Valideyn fiziki olaraq uşağın yanında olsa da, emosional olaraq onun ehtiyaclarını qarşılaya bilmir. Uşaqların sayı artdıqca hər birinə ayrılan diqqət və keyfiyyətli ünsiyyət azalır. Bu isə uzunmüddətli perspektivdə uşağın özünü dəyərsiz hiss etməsinə, valideynlə bağın zəifləməsinə səbəb olur.

Psixoloqun sözlərinə görə, digər mühüm məqam sosial modelin formalaşmasıdır. Uşaq böyüdüyü ailə modelini gələcək həyatına daşıyır. Əgər o, resurs çatışmazlığı, nizamsızlıq və psixoloji gərginlik mühitində böyüyürsə, bu davranışları normallaşdırır və gələcəkdə eyni modeli təkrarlamaq ehtimalı artır. Bu isə problemin nəsildən-nəslə ötürülməsi riskini yaradır.

Rüstəmov vurğulayıb ki, burada məsuliyyət yalnız ailənin üzərində deyil. Dövlət və cəmiyyət də bu məsələyə kompleks yanaşmalıdır. Sosial müavinət mexanizmləri yalnız maddi dəstək funksiyası daşımamalı, paralel olaraq maarifləndirmə, valideynlik bacarıqlarının inkişafı və psixoloji dəstək proqramları ilə müşayiət olunmalıdır.

Onun fikrincə, ailə planlaşdırılması, məsuliyyətli valideynlik və uşağın hüquqları ilə bağlı sistemli iş aparılmalıdır.

Rüstəmov əlavə edib ki, təhsil sistemi də bu məsələdə mühüm rol oynayır. Məktəblərdə psixoloji xidmətin gücləndirilməsi, risk qrupuna daxil olan uşaqların erkən mərhələdə müəyyən edilməsi və onlarla fərdi iş aparılması vacibdir.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Cəmiyyət 12:42
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Cəmiyyət 12:32
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Cəmiyyət 11:55
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir
Cəmiyyət 11:46
Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Cəmiyyət 11:36
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib


Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub
Cəmiyyət 11:28
Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub
Ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb
Cəmiyyət 11:09
Ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb
Məcnun Məmmədov: Azad edilmiş ərazilərdə 230 hektar istixana sahəsi yaradılacaq
Cəmiyyət 11:07
Məcnun Məmmədov: Azad edilmiş ərazilərdə 230 hektar istixana sahəsi yaradılacaq
Əsədov: Azərbaycan Gürcüstanın enerji sisteminə qəza zamanı operativ dəstək göstərib
Cəmiyyət 10:59
Əsədov: Azərbaycan Gürcüstanın enerji sisteminə qəza zamanı operativ dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol