Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstana səfəri çərçivəsində bu ölkənin Joqorku Keneşinin sədri Marlen Mamatalıyev ilə Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafını müzakirə edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə iki ölkə arasında qardaşlıq münasibətlərinin inkişafının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Tərəflər Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana son dövlət səfərinin ikitərəfli münasibətlərdə mühüm hadisə olduğunu və əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsinə töhfə verdiyini qeyd ediblər.
Marlen Mamatalıyev Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan xalqının hədiyyəsi olan orta məktəbin, eləcə də Bişkekdə Heydər Əliyev adına məktəb-gimnaziya kompleksinin və Nizami Gəncəvi adına məktəbin xalqlar arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin rəmzi olduğunu bildirib.
O, Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin ucaldılmasını da onun xatirəsinə göstərilən diqqət və ehtiramın ifadəsi kimi qiymətləndirib.
Görüşdə türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini vurğulayaraq, gələcəkdə də bir-birlərini dəstəkləməyə davam edəcəklərinə əminlik ifadə ediblər.