“44” filmini icazəsiz çəkənlər məsuliyyətə cəlb oluna bilər
“44” bədii filmini mobil telefon və digər cihazlarla icazəsiz qeydə alan və görüntülərini yayan şəxslər qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyinin filmlə əlaqədar ictimaiyyətə müraciətində bildirilib.
Agentlik tamaşaçılara müraciət edərək seanslar zamanı filmin çəkilməsinin, görüntülərin icazəsiz qeydə alınmasının və yayılmasının yolverilməz olduğunu vurğulayıb.
Bildirilib ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əsərin surətinin çıxarılması müəlliflik hüququ sahibinin müstəsna hüquqlarına daxildir. Surətçıxarma anlayışına videoyazı formasında surətin hazırlanması da daxildir.
Agentliyin məlumatına görə, belə hallara görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsi, qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda isə Cinayət Məcəlləsinin 165.1-ci və 165.2-ci maddələri üzrə məsuliyyət yarana bilər.
Kino Agentliyi qanun pozuntusu faktları aşkarlandıqda təqsirli şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyini bildirib.
“44” bədii filmi xalqın qəhrəmanlıq tarixindən, Vətənə bağlılıqdan, müharibə şəraitində insan talelərindən, fədakarlıqdan və ümiddən bəhs edir.