Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Çinin Tibet Muxtar Rayonunda baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində azı 16 nəfər ölüb, 32 nəfər yaralanıb. Sinxua agentliyinin cümə günü yaydığı məlumata görə, yaralılardan 11-nin vəziyyəti ağırdır.
Zəlzələ Naqqu şəhərinin Baqen qraflığında baş verib. Təbii fəlakət nəticəsində 300-dən çox ev dağılıb.
Hadisə yerinə 300-dən çox polis əməkdaşı göndərilib, regional yanğınsöndürmə və xilasetmə bölmələri isə zərər çəkmiş ərazilərə 347 nəfər cəlb edib. Ziyanın qiymətləndirilməsi və fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir.
Zəlzələ cümə axşamı yerli vaxtla saat 22:33-də qeydə alınıb. Məlumata görə, episentr təxminən 173 km dərinlikdə yerləşib.