Adnan Əhmədzadənin həbs müddəti 6 ay uzadılıb
İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan iş adamı Adnan Əhmədzadənin həbs müddəti daha 6 ay uzadılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi məhkəməyə müraciət edib.
Təqdimat və vəsatətdə xüsusilə ağır cinayət işi üzrə 13 aylıq istintaq müddətinin kifayət etmədiyi, işin həcminin böyük olması səbəbindən əlavə sübutların toplanmasının zəruri olduğu bildirilib. İstintaq müddətinin uzadılması ilə əlaqədar təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin də artırılması xahiş olunub.
Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib. Məhkəmənin qərarı ilə Adnan Əhmədzadənin həbs müddəti qanunla nəzərdə tutulan son həddə - 6 ay uzadılıb.
Qanunvericiliyə əsasən, xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaq zamanı həbsdə saxlanılmanın müddəti 13 ayı keçməməlidir. Müstəsna hallarda bu müddət 19 aya qədər uzadıla bilər.
Əvvəllər SOCAR-da yüksək vəzifədə çalışmış Adnan Əhmədzadə ötən ilin sentyabrında DTX tərəfindən həbs olunub.