NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
NATO və Azərbaycan arasında əməliyyat imkanlarının artırılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş tədbirlər keçirilib.
Bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, ötən həftə səfir Luis Morsinq Bakıda NATO–Azərbaycan tədbirlərində iştirak edib. Tədbirlər zamanı NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları əməliyyat planlaşdırılması və təlimlər keçirib, Azərbaycanın hərbi imkanlarının NATO standartlarına uyğunluğunun qiymətləndirilməsi istiqamətində birgə fəaliyyət göstəriblər.
Tədbirlər Brunssum Müttəfiq Birgə Qüvvələr Komandanlığının müavini, general-leytenant Con Mid və aviasiya komodoru Ceff Brokun Azərbaycana rəsmi səfəri ilə yekunlaşıb.
Nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və Baş Qərargah rəisinin müavini, general-leytenant Azər Əliyevlə görüşlər keçirib.
Tədbirlərdə iştirak edən Azərbaycanın NATO yanında səfiri Cəfər Hüseynzadə regional təhlükəsizlik və sabitliyin təmin olunmasında NATO-Azərbaycan əməkdaşlığının və beynəlxalq tərəfdaşlıqların mühüm əhəmiyyət daşıdığını vurğulayıb.