Azərbaycanda onlayn alış-veriş qaydaları dəyişə bilər
Azərbaycanda elektron ticarətlə məşğul olan satıcılar alıcılara ödəniş üsulları barədə məlumat verməli, POS-terminal, elektron pul kisəsi və digər vasitələrlə nağdsız ödəniş imkanları ilə tanış olmaq üçün şərait yaratmalıdırlar. Bu, “Elektron ticarət haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklər qəbul olunarsa, onlayn alış-veriş zamanı satıcılar alıcılara hansı ödəniş üsullarından istifadə edə biləcəkləri barədə məlumat verməli olacaqlar. Bu məlumatlar alıcıya sifariş verməzdən və müqavilə bağlanmazdan əvvəl təqdim edilməlidir.
Layihəyə əsasən, elektron ticarət zamanı malların və xidmətlərin dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçiriləcək. Satıcılar ödəniş üsulları barədə məlumatları həm alıcılar, həm də səlahiyyətli dövlət orqanları üçün əlçatan etməlidirlər.
Dəyişikliklərdə POS-terminal anlayışı da geniş izah olunur. Belə ki, nağdsız ödənişlər, o cümlədən təmassız ödənişlər üçün uyğun proqram təminatı ilə təchiz edilmiş mobil cihazlar da bu anlayışa daxil edilə bilər.
Qanun layihəsində elektron ticarətin tənzimlənməsində texnoloji neytrallıq prinsipinin tətbiqi də nəzərdə tutulur. Bu, qanunvericilikdə hər hansı texnologiyaya üstünlük verilməməsi, müxtəlif texnoloji həllərin bərabər qəbul edilməsi deməkdir.
Bundan başqa, qanunun yalnız Azərbaycan ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan məhdudiyyətin ləğvi təklif olunur.
Gülnar Nazimqızı