Vergi uçotuna alınan qeyri-rezident elektron ticarət iştirakçılarının sayı 23-ə çatıb
Azərbaycanda vergi uçotuna alınan qeyri-rezident elektron ticarət iştirakçılarının sayı 7-dən 23-ə yüksəlib. 2026-cı ilin sentyabrından qüvvəyə minən dəyişikliklərlə bu iştirakçıların vergi uçotuna alınması üzrə yeni qaydalar tətbiq olunur. Bunu Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin Rəqəmsal iqtisadiyyat üzrə vergitutma şöbəsinin rəisi Çingiz Musayev bildirib.
Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt və elektron ödəniş sistemlərinin geniş yayılması vergi tənzimlənməsi sahəsində yeni yanaşmaları zəruri edir.
Musayev qeyd edib ki, “Elektron ticarət haqqında” qanuna təklif olunan dəyişikliklər kartdan-karta köçürmələri birbaşa əhatə etməsə də, elektron ticarət qaydalarının qeyri-rezident şəxslərə də tətbiqi baxımından əhəmiyyət daşıyır.
“Bu qanun bizə əsas verir ki, digər qeyri-rezidentlərdən onlarla bağlı bütün məlumatları əldə edə bilək”, - o bildirib.
Şöbə rəisinin sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində qeyri-rezident elektron ticarət iştirakçılarının vergi uçotuna alınması mexanizmi genişləndirilib. Əvvəllər bu iştirakçılar əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün qeydiyyata alınırdısa, 2026-cı ilin sentyabrından yeni qaydalar qüvvəyə minib.
Musayev əlavə edib ki, dəyişikliklər elektron ticarət iştirakçılarının həm mallar, həm də xidmətlər üzrə fəaliyyətinin qlobal miqyasda əhatə olunmasına imkan yarada bilər.
Gülnar Nazimqızı