Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir

Azərbaycanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sertifikat və bəyannamələrin reyestrini Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış informasiya sisteminə inteqrasiya edib. Bunu Bakıda keçirilən "Qeyri-qida istehlak mallarının təhlükəsizliyi" mövzusunda tədbirdə agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev bildirib.
Onun sözlərinə görə, agentliyin
e.kefiyyet.gov.az elektron informasiya sistemində uyğunluq sertifikatları və bəyannamələrin reyestri aparılır.
"Elə bu məsələ ilə bağlı elektron informasiya sistemi yaradılıb. Belə ki, e.kefiyyet.gov.az saytında uyğunluq sertifikatlarının və bəyannamələrin reyestri mövcuddur. Biz bu reyestri Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış informasiya sisteminə inteqrasiya etmişik. Mal idxal olunan kimi bəyan edilir (idxal öncədən), və bu barədə məlumatlar kağız-ruçka vasitəsilə deyil, avtomat rejimdə agentliyin informasiya sisteminə ötürülür. Agentliyin informasiya sistemində ölkə üzrə mallarla bağlı sertifikatlar və bəyannamələr yaradılır ki, bu da qanunun tələbidir. Həmin məlumatlar Dövlət Gömrük Komitəsinə ötürülür. Qarşılıqlı inteqrasiya nəticəsində artıq burada heç bir insan müdaxiləsi və ya əlavə qərar qəbuletmə prosesi tələb olunmur; sistem hansı məhsulun sertifikatı və ya bəyannaməsinin olduğunu bilir və onu buraxır, olmayanlar isə sərhəddin o üzündə qalır. Yəni bu proses idxaldan öncə baş verir və bu mexanizm artıq agentlik tərəfindən yaradılıb."- o bildirib.
O bazarlarda vəziyyətə nəzarət məsələsinə də toxunub. O qeyd edib ki, bazarlarda aşkarlanan pozuntular agentliyə bildirilə bilər, agentlik də onları müəyyən edəcək.


Son xəbərlər 
Daha çox 






















