İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir

Azərbaycanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilin sonuna qədər hazırladığı daha altı milli texniki reqlamentin qəbul olunmasına nail olmağı planlaşdırır. Bunu Bakıda keçirilən "Qeyri-qida istehlak mallarının təhlükəsizliyi" mövzusunda tədbirdə agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev bildirib.
Quluyevin sözlərinə görə, Nazirlər Kabineti yeddi milli texniki reqlamentin hazırlanmasını agentliyə həvalə edib. Onlardan yalnız oyuncaqların təhlükəsizliyi haqqında reqlament qəbul olunub və martda qüvvəyə minəcək.
Rəsmi bildirib ki, uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında reqlament bütün qurumlarla razılaşdırılıb və yaxın günlərdə təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.
Quluyev həmçinin sənaye maşın və avadanlıqlarının təhlükəsizliyi üzrə reqlamentdən danışıb. Onun sözlərinə görə, sənəd avtomobillər, yük qaldırma qurğuları və digər avadanlıqları əhatə edir, onların istismarı, texniki xidməti, təmiri, daşınması və utilizasiyasına dair təhlükəsizlik tələblərini müəyyən edir.
Uyğunluğun qiymətləndirilməsi iki üsulla aparılır. Reqlamentin əlavəsindəki siyahıda hansı məhsulların sertifikatlaşdırılmalı, hansılarının isə istehsalçı və ya idxalçı tərəfindən bəyan edilməli olduğu göstərilir.
Rəsmi əlavə edib ki, qaz yanacağı ilə işləyən qurğular üzrə reqlament isə Energetika Nazirliyi tərəfindən hazırlanıb və noyabrın 6-dan qüvvədədir.

























