Vəzifəli şəxslər hər il bəyannamə təqdim edəcək - Elçin Nəsibov
“Maraqların toqquşması haqqında” qanun layihəsinə əsasən, vəzifəli şəxslər yalnız vəzifəyə təyin olunarkən deyil, qulluq müddətində hər il bəyannamə təqdim etməli olacaqlar. Bəyannamələrin təhlili də nəzərdə tutulur. Bunu Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibov Milli Məclisdə çıxışı zamanı bildirib.
Nəsibovun sözlərinə görə, indiyədək korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı sənədlərdə maraqların toqquşmasının qarşısının alınmasına dair öhdəliklər müəyyən edilsə də, bu sahəni ətraflı tənzimləyən ayrıca qanunvericilik aktı olmayıb.
O bildirib ki, Ədliyyə Nazirliyinin hazırladığı və aidiyyəti dövlət qurumları ilə razılaşdırdığı qanun layihəsi Prezidentin tapşırığı əsasında hökumətə təqdim edilib.
Layihədə vəzifəli şəxslərin ianə toplaması, əlavə ödənişlər alması, reklamlarda və digər tədbirlərdə iştirakı ilə bağlı qaydalar da müəyyənləşdirilir.
Nəsibov qeyd edib ki, bu məsələlər indiyədək kifayət qədər ətraflı tənzimlənməyib.
O, layihənin 20-ci maddəsinin fiziki və hüquqi şəxslərə, eləcə də qurumlara maraqların toqquşması ilə bağlı müraciət etmək imkanı verdiyini bildirib. Bu imkan maddənin 20.1.5, 20.1.6 və 20.1.7-ci bəndlərində nəzərdə tutulub.
Gülnar Nazimqızı