Reuters: "Rusiya geniş miqyaslı hərbi əməliyyatlara başlaya bilər”

13:40 | 21.01.2015
Reuters:

Reuters: "Rusiya geniş miqyaslı hərbi əməliyyatlara başlaya bilər”

Məşhur informasiya agentliyi olan "Reuters” rəsmi Moskvanın qonşu ölkələrdə geniş miqyaslı hərbi əməliyyatlara başlaya biləcəyindən bəhs edən məqalə ilə çıxış edib. Məqalənin müəllifi Adrian Kroft müxtəlif hərbi ekspertlərin fikirlərinə əsaslanaraq bunun səbəblərini açıqlyıb. Hmin məqaləni ANN.Az oxucularının diqqətinə təqdim edirik:

"Bu günlərdə bütün var-qüvvəsini səfərbər etməyə çalışan Rusiyanın məqsədi bir neçə il ərzində yaxın qonşularına qarşı eyni anda təhdid yarada biləcək gücə sahiblənməkdir.  Bu təhdidlər Moskvanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlara oxşar olacaq – belə fikirlə yüksək rütbəli ABŞ generalı çıxış edib.

ABŞ-ın Avropada qoşun komandanı, general-leytenant Ben Hodges "Reyters”ə bildirib ki, hazırkı anda Moskvanın hansısa qonşusuna hücum etməsi mümkün görsənmir. Bunun səbəbi "Moskvanın əllərinin bağlı” olmasıdır. Yəni bu günlərdə Rusiyanın başı Ukraynaya çox qarşıb.

Ancaq hazırkı durum bir neçə il ərzində dəyişə bilər. Belə ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin hərb sahəsində güclənməsinə böyük diqqət ayırır. Bu hərbi güc Rusiyaya imkan verəcək ki, o, heç bir mobilləşmə aparmadan, eyni anda üç eyni miqyaslı hərbi əməliyyat həyata keçirsin. Bu isə sonda, qonşu dövlətlərə qarşı ciddi təhükənin yaranması ilə nəticələnə bilər.
Hodgesin fikrincə, hazırda mobilləşmə olmadan, eyni anda üç hərbi əməliyyatın həyata keçirilməsi mümkünsüz görünür: "Düşünürəm ki, hərbi sahədə mobilləşmə aparmayan Rusiya yalnız bir böyük əməliyyat keçirməyə qadirdir. Ancaq yaxın 4-5 il ərzində onun gücü o dərəcə arta bilər ki, o bir hərbi əməliyyatla qane olmaq istəməz”.

General onu da əlavə edib ki, yaxın 4-5 il ərzində ruslar Şərqi Ukraynada əməliyyatlar keçirtməyə, eləcə də Baltik ölkələri daxil olmaqla Gürcüstana təyziq etmək imkanına yiyələnəcəklər: "Bundan başqa Rusiya bir neçə ciddi əməliyyatlar aparmaq gücünə sahib olacaq”.

NATO-nun iddiasına görə, Ukraynada gedən müharibədə Moskva rus meyilli  üsyançıları dəstəkləməklə kifayətlənmir, onları silah-sürsat və qoşunla təmin edir. Rusiyanın bu davranışları bir neçə qonşu dövləti ciddi narahat edir və onlar müstəqilliklərinə təhdid təşkil etdiyi üçün qərb alyansından dəstək istəyirlər.  

Moskva Şərqi Ukraynada aktiv hərbi əməliyyatlar keçirdiyini inkar etsə də, qərb dövlətləri Rusiyanın Ukraynaya tank dəstələri, yüzlərlə əsgəri heyət göndərməsi ilə bağlı əllərində dəlillərinin olduğunu iddia edirlər.  Bu konfliktdə 4000 insan həyatını itirib. 300 nəfər sərnişini olan Malayziyaya məxsus təyyarənin üsyançıların nəzarəti altında olan ərazidən vurularaq düşürüldüyü, həmin dəlillərdən biridir.

Böhran olsa da, xərclər artır


Ukraynada başladığı müharibəyə cavab olaraq Rusiyaya qarşı tətbiq olunan sanksiyalar neftin qiymətinin düşməsinə, iqtisadi böhranın yaşanmasına səbəb oldu. Ancaq bütün bunlara baxmayaraq, Putin Rusiyanın hərbi potensialını gücləndirmək üçün milyardlarla pul xərcləməkdə davam edir.

NATO-nun ekspertləri əlavə edirlər ki, Ukraynadakı konfilikt və onun nəticəsi olaraq Rusiya qoşunlarının Krımı ihlaq etməsi, üsyançıların ölkənin şərq bölgəsini nəzarətə götürməsi Putinin hərbi xərcləri artırmasının dəlilləri sayıla bilər. Hərbi ekspertlərin düşüncəsinə görə, rus qoşunları və xüsusi ilə də onun azsaylı elit qüvvələri 2008-ci il Gürcüstan müharibəsi ilə müqayisədə daha təsirli oldular.
 
Moskva bu əməliyyatlar zamanı "Hibrid müharibə” adlanan planını da həyata keçirdi. Belə ki, müharibə dövründə, Rusiya təşkilatçı kimi həm üsyançılara pul və silah-sürsat verir, həm də "balaca yaşıl adamlar” adlanan elit qoşunlarını tanınması mümkünsüz olan geyimlərlə təmin edərək Krım müharibəsinə cəlb etdi. Bu kimi əməliyyatlar o qədər cəld və gizli aparılır ki, ona layiqli cavab vermək də mümkünsüz olur.

Hodges bildirib ki, Rusiyanın qonşuları, xüsusən Baltik ölkələri və Gürcüstan, hazırkı durumda nisbi bir təhlükəsizlik içindədirlər. Amma bu durum çox davam etməyə bilər:  "Düşünürəm ki, hazırda Rusiyanın bütün diqqəti Ukraynadadır.  Rusiyanın qonşuluğunda yerləşən bir neçə ölkə artıq başa düşüblər ki, baş verə biləcək mümkün müharibədə real hədəf olmamaq və öz təhlükəsizliklərini təmin etmək üçün onların ehtiyatında iki və ya üç ili var”.

Bu həftə Almaniyada keçirilən "Rusiyanın öyrənilməsi” tədbirində Hodges ABŞ qoşunlarının təmsilçisi kimi çıxış edib. Tədbirdə Rusiya üzrə ixtisaslaşmış hərbi və mülki mütəxəsislər Avropadan olan bütün komandir heyətinə Rusiyanın Qərblə bağlı siyasi və hərbi strategiyası haqqında məlumat veriblər.  

Ötən ilin sentyabr ayında Uelsdə keçirilən sammitdə NATO Rusiyanın potensial təhdidinə qarşı bir neçə məsələ ilə bağlı razılığa gəldi. Bura Şərqi Avropa ölkələrində təlimlərin keçirilməsinin bərpası və hər hansı hərbi təhdidə qarşı cəld cavab vermək üçün gücün yaradılması məsələləri də daxil idi.

Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu TASS informasiya agentliyinə açıqlamasında bildirib ki, Moskva modernləşdirmə ilə bağlı planlarını davam etdirəcək. 2020-ci ilə kimi nəzərdə tutulan modernləşmənin dəyəri 20 trillion rubldan çox (300 ABŞ dolları) olacağı hesablanıb.

Şoyqunun sözlərinə görə, plana əsasən bu il ərzində 700 yeni zirehli maşın, 123 yeni hərbi təyyarə, 88 yeni vertalyot və iki briqadalıq HHM "İsgəndər –M” Rusiyanın hərbi arsenalına salınacaq. Ancaq Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Analitik Mərkəzinin araşdırmasına görə, 2013-cü ildə Rusiyanın hərbi büdcəsi 68 milyard ABŞ dollar səviyyəsində olub. Bu isə rəsmi Vaşinqtonun hərbi büdcəsinin onda biri qədərdir.  

NATO-nun zabiti son illər Rusiyanın raketlərini, sualtı qayıqlarını və təyyarələrini müasirləşdirdiyini bildirib. Onlar daim öz planlarına haqq qazandıraraq əhalinin bu işlərdən narahat olmamağa səsləyiblər.

Anonimliyinin qorunması şərti ilə çıxış edən zabitin sözlərinə görə, gələn ildən Rusiya öz Şimal, Baltik və Qara dəniz donanmasını yaxşılaşdırmaqla yanaşı bir neçə quru qoşunlarının da müasirləşdirməsini həyata keçirəcək. Ancaq onun sözlərinə görə, neftin ucuzlaşması və Qərbin sanksiyaları Rusiyanın hərbi sistemini müasirləşdirməsi prosesini ləngidə bilər.

Bir çox analitiklər  düşünür ki, Rusiya ABŞ-la birbaşa konfrantasiyaya getmək istəməyəcək. NATO-nun hərbi mütəxəssisləri hesab edir ki, Moskva Krıma oxşar bir neçə əməliyyat keçirdə bilər. Məsələn, xeyli sayda rusun yaşadığı Estoniya bu ölkələr sırasındadır.  

NATO zabiti deyib: "Bu günlərdə ruslar sürətli kütləvi hücüm həyata keçirdilər, ancaq biz onlara eyni miqyaslı hərbi əməliyyatla cavab verə bilmədik”.  

Estoniyanın hərbi kəşfiyyat idarəsinin rəhbəri, polkovnik leytinant Kaupo Rozin tədbirdə çıxış edib. O, maraqlı bənzətməsi ilə yadda qalıb: "Putinin dekabr ayında imzaladığı yeni təcavüzkar hərbi doktrina onu göstərir ki, Moskvanın "xokkey oynadığı” bu günlərdə Avropanın bir çox böyük dövlətləri fiqurlu konkisürmə ilə məşğuldurlar”.

Rozin daha əlavə edib ki, Krımda döyüşənlərin rus əsgərləri olduğunu bəzi Avropa ölkəsinə inandırmaq üçün o həftələrlə danışıq aparıb. Rozinin sözlərinə görə, Estoniya da eyni aqibətlə üzləşə bilər.  Məhz bu səbəbdən NATO birgə müdafiə olunmaq müddəasını əsas tutaraq Estoniyaya kömək etməlidir: "Əsas problem odur ki, mən bütün vacib sübutları ortalığa çıxartmalıyam”.  

Qeyd: Məqalənin orijinalı ilə bu linkdə tanış ola bilərsiniz - http://http://www.reuters.com/article/2015/01/16/us-nato-russia-idUSKBN0KP1F620150116

Tərcümə etdi: Emin Aslan
ANN.Az


 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM