Rusiya hərbi helikopterləri iyulun 3-də icazəsiz iki dəfə Ukrayna ərazisi üzərində uçublar.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. Açıqlamada bildirilir ki, Rusiyaya məxsus 3 ədəd helikopter Luqansk vilayətinin Belovodsk yaşayış məntəqəsi istiqamətində Ukraynanın hava məkanını pozub:
“İyulun 3-də Rusiyanın hərbi helikopterləri sərhəddə hava kəşfiyyatı və nümayişkaranə uçuşlar həyata keçirərkən iki dəfə Ukraynanın hava məkanını pozublar. İki ədəd “Mi-8” və bir ədəd “Mi-24” Rusiya istiqamətindən gələrək Ukrayna ərazisinə daxil olub. Onlar Krasnaya Talovka yaşayış məntəqəsi tərəfdə Ukrayna ərazisinin 3 km dərinliyinə qədər girərək Kamışnoye istiqamətindən Rusiyaya qayıdıblar”.
İkinci pozuntu faktı isə “Doljansk” sərhəd-buraxılış məntəqəsi yaxınlığında baş verib. Rusiya helikopterləri Ukrayna ərazisinə 7 km irəliləyərək daha sonra geri dönüblər.
ANN.Az