Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Binəqədi rayon bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və onun bacısı İlknur Əliyevanın (Türkkut) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sabiq məmur iki ildir böhtanla üzləşdiyini və bacısı İlknurun səhvlərinin qurbanı olduğunu bildirib.
Lakin zərərçəkmiş Gülnaz Məmmədova hər iki bacının günahkar olduğu qənaətindədir. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Zərərçəkmişin zalda əyləşən qızı yüksək səslə Aytac Əliyeva ilə mübahisə etməyə başlayıb. Hakim qızı zaldan çıxararaq anasına xəbərdarlıq edib.
Daha sonra iclasda Aytac Əliyevanın vəkili Ceyhun Yusifov bir neçə vəsatətlə çıxış edib. Müdafiəçi məhkəmədən cinayət işində iştirak edən iki müstəntiqin məhkəməyə dəvət edilməsini, cinayət işinin audio yazısının, habelə Əliyevanın bir sıra xəstəliklərdən əziyyət çəkməsi ilə bağlı iddianın yoxlanılmasını və bu səbəbdən onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edib.
Məhkəmə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.
Hakim Aytac Əliyevadan qızıl alverindən əldə etdiyi pulları nəyə xərclədiyini soruşub. Keçmiş məmur yenə də hər şeydə bacısını günahlandırıb.
Məhkəmə prosesi oktyabrın 10-da davam etdiriləcək.
Aytac Əliyeva və onun bacısı İlknur Əliyeva vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunurlar. Bu cinayət işində 11 zərərçəkmiş şəxs iştirak edir, zərərçəkmişlərə dəymiş ziyanın ümumi məbləği bir milyon manata yaxındır. Bacılara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.
Bundan başqa, Aytac Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sənədlərini saxtalaşdırmaqda və satmaqda da təqsirli bilinib.
Aytac Əliyeva istintaq təcridxanasında həbsdəsaxlanılır, İlknur Əliyeva barəsində isə ev dustaqlığı imkan tədbiri seçilib. Bacılar elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Nərmin Cavadova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !