“Şahdəniz” yatağının əməliyyat xərcləri artıb

22:30 | 16.11.2020
Bu ilin üç rübü ərzinndə "Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 620 mln ABŞ dollarına yaxın əməliyyat xərcləri və 719 mln ABŞ dolları əsaslı xərclər çəkib.

Anews.az xəbər verir ki, bu barədə yatağın operatoru "BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2020-cu ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu ilin üç rübü ərzinndə "Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövründən 139 mln ABŞ dolları və ya 28,9 % çox, əsaslı xərclərin həcmi isə 99 mln ABŞ dolları və ya 12,1 % azdır.

Bildirilib ki, əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2” layihəsinə aid olub.

Xatırladaq ki, 2019-cu ilin üç rübü ərzində "Şahdəniz” üzrə fəaliyyətlərə 481 mln ABŞ dolları əməliyyat xərcləri və 818 mln ABŞ dollarından artıq əsaslı xərclər çəkilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), "AzSD" (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti