Şəhid qardaşından saxta yolla pul TƏLƏB ETDİLƏR - YENİLƏNİB

12:07 | 02.11.2021
Şəhid qardaşından saxta yolla pul TƏLƏB ETDİLƏR  - YENİLƏNİB

Şəhid qardaşından saxta yolla pul TƏLƏB ETDİLƏR - YENİLƏNİB

Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul istəyən şəxslər saxlanılıblar.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, saxta "QHT rəhbərləri” DİN əməkdaşları tərəfindən müəyyən olunaraq, polis idarəsinə gətiriliblər.

"Hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcəkdir”, - deyə DİN sözçüsü bildirib. 
 
******

Özünü Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edən şəxslər şirkətə yaxınlaşaraq onlardan Zəfər günündə orduya dəstək adıyla pul tələb edib. Şirkət əməkdaşları pul verməyəcəklərini bildirəndə isə əvvəlcə hədə-qorxu gəlib, daha sonra hadisə yerindən qaçıb, bu barədə anews.az-a  şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu açıqlama verib. Onun sözlərinə görə, hadisə özünün çalışdığı şirkətdə baş verib:
 
"Bu gün səhər saatlarında  özünü QHT rəhbəri adlandıran bir şəxs, yanına iki nəfər də qazi salıb, nömrəsiz maşınla çalışdığım şirkətə yaxınlaşdı. Kobud şəkildə, hətta şantaj edərək qarşıdan gələn Zəfər günü ilə bağlı orduya dəstək üçün pul verməyimizi tələb etdilər. Əvvəlcə, bu şəxslərdən ad, soyad və işlədikləri QHT barədə məlumat verməklərini tələb etdim. Lakin onlar bu məlumatı verməkdən imtina etdi. Onlar yüksək səs tonu və əmr ilə danışırdılar. Bu hərəkətlərinə irad bildirdikdə isə onlar "sən öyrədilmiş adamsan” "başınıza oyun açacam” deyərək səslərini daha da qaldırıb, hədə-qorxu gəlirdilər. Onları polisə şikayət edəcəyimi dedikdə isə tez-tələsik şirkətdən çıxdılar və nömrəsiz maşınlarına əyləşərək qaçdılar. Sözügedən şəxslər hərbi geyimdə idilər. Birinci növbədə, bu adamların fırıldaqçı olduğu aydındır, getdiyi şirkətləri gah hədələyir, gah da fəxri fərman verəcəkləri ilə şirnikləndirmək istəyir.
 
Digər məsələ odur ki, nömrəsiz maşın işlətmək qanunsuzdur və cəmiyyət üçün təhlükə yaradır. Aidiyyatı qurumların bu məsələyə diqqət etməklərini xahiş edirəm. Çünki  şəhid, qazi adı istifadə edərək yalandan pul yığanların sayı artıb. Dəstək üçün  " YAŞAT ” Fondu var. Pul tələb etmək üçün gəldikləri bu şirkət də istər müharibə, istərsə də post-müharibə dövründə qazi, şəhid ailələrinə dəstək olur, işlə təmin edir, fonda mütəmadi olaraq müəyyən məbləğdə ianələr edir", - deyə Elyar İsmayıloğlu bildirdi. 
 
Elyar İsmayıloğlu Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşının onunla əlaqə saxladığını və məsələni araşdıracaqlarını bildirdi. 
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirdi ki, hadisə araşdırılır və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirdi ki, dövlət qeydiyyat nişanı olmadan avtomobil sürmək qanunsuzdur. Həmin avtomobil hərəkət edərkən saxlanıla, müvəqqəti mühafizə dayanacağına yerləşdirilə və müvafiq tədbirlər görülə bilər. 

"Sözügedən məsələdə şəhidin qardaşı bununla bağlı şikayət etsin. Həmin şikayət araşdırılsın və cəza tədbirləri görülsün. Ola bilər ki, o maşının nömrəsi var, sadəcə törədəcəyi əməllərlə bağlı gizliliyini qorumaq istəyir və sadəcə müvəqqəti olaraq nömrəni  çıxarıb. Bu kimi hallardan asılı olaraq cərimə dəyişə bilər”, - deyə DYPİ sözçüsü bildirdi. 
 
İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrinin tələblərini pozaraq, avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi 4 cərimə balı ilə qiymətləndirilir. İXM-nin 342.7-ci maddəsində dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməsinə görə cərimə məbləği 60 manat, cərimə balı isə 4 bal olaraq təyin olunub.
 
QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə məsələnin əvvəlcə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı olduğunu bildirdi. Onun sözlərinə görə, həmin araşdırmalardan sonra  QHT-lərə Dövlət Dəstəyi Agentliyi də bu mövzuda monitorinqlər keçirə bilər:

"İlk növbədə, şəhid qardaşının ifşaladığı şəxsin QHT üzvü olub-olmadığını öyrənmək lazımdır. Həmin şəxsin hadisə yerindən qaçması onun gördüyü işin qanunsuz olduğunu göstərir. Hesab edirəm ki,  müəyyən şəxslər qazilərlə bağlı yardım kampaniyaları adı ilə gəlirlərini artırmağa, çirkin niyyətlərinə çatmağa çalışırlar. Bu faktın özündə də bu əks olunub. Əgər həmin şəxs QHT olsa belə onun işi qanunu yolla olmalıdır. Qanunvericilik icazə verir ki, 200 manata nağd ianə toplanıla bilər. Lakin bu məbləğ yığılarkən də hesabat aparılmalıdır. Mənim fikrimcə, ən yaxşı üsullardan biri ehtiyacı olan şəxsi yardım edə bilən şirkətlərə yönləndirməkdir. Bu daha şəffaf olacaq. Sözügedən məsələ ilə bağlı da hüquq-mühafizə orqanları araşdırma aparmalıdır. Həmçinin, belə hallara qarşı QHT-lərə Dövlət Dəstəyi Agentliyini monitorinqlərə başlamalıdır. Çünki QHT olsa belə qeyri-şəffaf yolla ianə toplanması düzgün deyil. Vurğulamaq istəyirəm ki, "YAŞAT" fonduna ianə etmək hazırda məqsədəuyğundur", - deyə sədr bildirib.
 
Son dövrlərdə şəhid və qazi ailələrinin adından saxta pul yığanlarla bağlı bir çox  məlumatlar yayılıb. Sonuncu məlumat isə şəhid polkovnik Babək Səmidlinin adından saxta hesab açılaraq ianə toplaması barədə olub. 







Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM