Sertifikat almaq istəyən taksi sürücüləri üçün imtahan keçiriləcək

Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücülərinin imtahana qeydiyyatı başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahanda iştirak etmək istəyənlər 21 avqust saat 10:00-dək qeydiyyatdan keçməlidirlər. Sənədlərin qəbulu iyulun 1-dən başlayıb. İmtahan is
avqustun 25-də keçiriləcək.
20 avqust saat 09:00-a olan məlumata əsasən, 1093 sürücü artıq imtahan vermək üçün qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) "Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək "Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir.
Namizədlər "Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti köçürməlidirlər.
Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.
Namizədlər "İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
N.Təbrizli
www.anews.az